Kakao paxlasının qiyməti yanvardan bəri ilk dəfə tonu 5 000 dolları ötüb

Kakao fyuçerslərinin qiyməti 2026-cı ilin yanvarından bəri ən yüksək səviyyəyə yüksəlib. Nyu-York Əmtəə Birjasında (NYMEX) sentyabr tədarüklü kakao fyuçersləri iyunun 24-də keçirilən ticarət zamanı 8,5% bahalaşaraq maksimum 5 040 ABŞ dollarına çatıb.

Kakao paxlasının qiyməti sonuncu dəfə 2026-cı il yanvarın 16-da 5 000 dollardan yuxarı olmuşdu.

İyunun 24-də ticarətin yekununda kakao 7,06% bahalaşaraq tonu 4 973 dollar səviyyəsində bağlanıb. İyunun 25-də isə qiymət artımı davam edib. Bakı vaxtı ilə saat 13:11-ə olan məlumata görə, kotirovkalar daha 3,48% yüksələrək tonu 5 146 dollara çatıb.

“Trading Economics”in məlumatına görə, qiymət artımı qısa mövqelərin bağlanması və hava şəraiti ilə bağlı tədarük riskləri fonunda baş verib. Treyderlər iqlim hadisəsi olan El-Ninyonun Qərbi Afrikada sentyabr məhsulunu azalda biləcəyindən narahatdırlar.

El-Ninyo – ekvatorial Sakit okeanın səth sularının temperaturunun yüksəlməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Bu proses atmosfer və okean cərəyanlarının dövranındakı dəyişikliklər nəticəsində baş verir. El-Ninyo qlobal iqlimə ciddi təsir göstərərək dünyanın müxtəlif bölgələrində güclü yağışlar, daşqınlar, quraqlıq və meşə yanğınları kimi ekstremal hava hadisələrinə səbəb olur.

İyunun ortalarında Avstraliyanın Meteorologiya Bürosu (BOM) 2026-cı ildə El-Ninyo hadisəsinin rəsmi olaraq başladığını elan edib. “ABC News”un məlumatına görə, klimatoloqlar bu El-Ninyonun müşahidələr tarixində ən güclü hadisələrdən biri ola biləcəyini proqnozlaşdırırlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər