Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrini əlaqəli şəkildə şərh edib.
Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.10.2022-ci il tarixli qərarına əsasən, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.