2 C
Baku
Saturday, December 14, 2024

Kreditlərin verilməsi qaydaları təsdiq edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına kreditlərin verilməsi qaydalarını təsdiq edib. Yeni qaydalara görə, AMB kommersiya banklarına 3 növ kredit verə bilər.

AMB-nin özəl banklara verə biləcəyi yenidənmaliyyələşdirmə kreditləri, sonuncu instansiya kreditləri və məqsədli kreditlərdir.

Məlumatda deyilir ki, yenidənmaliyyələşdirmə kreditləri banklara 3 müxtəlif müddətə – 30 günədək, 360 günədək, 360 gündən yuxarı verilə bilər.

Yeni qaydalara görə, məqsədli kreditlər “AMB haqqında” qanunun 49.1-ci maddəsinə müvafiq qaydada verilir.

Həmçinin banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir.

AMB kredit verilməsinə görə şərtləri də açıqlayıb. Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır. Dövlət zəmanəti və dövlət qiymətli kağızları – 100%, müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı – 110%, daşınmaz əmlak – likvid qiymətinin 150%-i və təminat qismində təklif edilən daşınmaz əmlak barədə müstəqil qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir.

AMB bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 6 aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilər. Mərkəzi Bank müraciət daxil olduqdan sonra iki iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir.

Report

Son xəbərlər
Digər xəbərlər