2 C
Baku
Saturday, December 14, 2024

Ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərcləri azaldılacaq

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ləğv prosesində olan kredit təşkilatlarının vergi xərclərinin azaldılması ilə bağlıdır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması nəzərdə tutulur. Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim olunmasının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faizlərin hesablanması həyata keçirilir, habelə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır.

Lakin Vergi Məcəlləsində müəssisənin ləğvetmə prosesində olduğu zaman onun vergilərin ödənilməsinin təxirə salınması və ya faizlərin hesablanmasının dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu baxımdan, ləğv prosesində olan kredit təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə inzibatçılığın sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması və onların əmlakının siyahıya alınmaması ilə bağlı müddəalar daxil edilib. Bununla yanaşı, kredit təşkilatının müflis olması prosesi zamanı əmlak və torpaq vergisinin hesablanmasının iqtisadi baxımdan səmərəsiz olduğu nəzərə alınaraq, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan (ildən) etibarən əmlak və torpaq vergilərindən azad edilib.

Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirlərinin davam etdiyi nəzərə alınaraq, bu tədbirlər çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim olunmasının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti daha 4 il müddətinə uzadılıb.

Son xəbərlər
Digər xəbərlər