6 C
Baku
Monday, December 16, 2024

Laçındakı Həkəri Balıqçılıq Təsərrüfatının məhsullarının Avropaya da çıxarılması nəzərdə tutulur

Laçında yerləşən Həkəri Balıqçılıq Təsərrüfatında müxtəlif növdə 100 mindən çox balıq yetişdirilir.

Onların suyu xüsusi qaydada emal edilmiş hovuzun içərisindəki kiçik sektorlarda saxlanılır və əvvəlcədən müəyyən olunmuş rejim üzrə qidalanır.

Balıqların saxlanıldığı hovuzun suyu da vaxtlı-vaxtında dəyişdirilir.

Təsərrüfatın direktoru Fariz Şirinov rəhbərlik etdiyi müəssisənin gələcək planlarından danışır:

“Hazırda burada 100 mindən çox balıq var. Məqsədimiz balıqları böyüdüb satışını həyata keçirməkdir. Balıq ətindən əlavə növbəti illərdə kürü istehsalı da nəzərdə tutulur. İndiki mərhələdə balıqların təkcə Laçında satışını təşkil etmişik, gələcəkdə isə onların Azərbaycanın digər bölgələrinə və Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Burada daha bir məsələ sakinlərin işlə təminatı ilə bağlıdır. Hazırda bu təsərrüfatda 31 nəfər Laçın sakini çalışır, onların 11 nəfəri daimi sakindir”.

Fariz Şirinov onu da bildirir ki, yaxın gələcəkdə əməkdaşların sayının 60-a çatdırılması planlaşdırılır.

O deyir ki, təsərrüfatdakı balıqlar təbii yemlərlə qidalanır və tamamilə təbii şəraitdə yetişdirilir.

Onun sözlərinə görə, hər balığın özünəməxsus yemlənmə temperaturu olduğu üçün onlara qulluq da diqqət tələb edir.

Təsərrüfatın əməkdaşlarından biri 31 ildən sonra Laçına qayıdan İlham Novruzovdur. 10 yaşında Laçını tərk edən İlham Novruzov 31 il sonra “Həkəri” Balıq Təsərrüfatında baş balıqşünas kimi çalışır.

“Bu sahəyə marağım olduğu üçün müraciət elədim və təlimlərdən sonra burada işə başladım. Laçında işimiz də, şəraitimiz də çox gözəldir. Burada əsas vəzifəm balıqların yemlənməsi, onların böyüdükcə çeşidlənməsi, çəkisinin müəyyən edilməsidir. Balıqçılığa aid işləri digər iş yoldaşlarımızla həyata keçiririk”.

Təsərrüfatın daha bir özəlliyi isə burada işlə təmin olunanların Laçın sakinləri olmasındadır. Yəni, onlar 30 ildən sonra həm evlərinə qayıdır, həm də bu şəxslərin məşğulluq problemi həll edilir.

Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Mayis Musayev deyir ki, təmsil etdiyi qurum üçün prioritet işğaldan azad olunan ərazilərdə əhalinin məşğulluğunun təmin olunmasıdır:

“İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə həmin ərazilərə köçürülən şəxslərin məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq tədbirlərinin və məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin icrası uğurla davam etdirilir. Dövlət Məşğulluq Agentliyinin Laçında xidmət şöbəsi fəaliyyət göstərir. Ümumilikdə isə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə 2500 nəfərə yaxın, Laçın rayonu üzrə isə 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub, 31 nəfər isə Özünüməşğulluq proqramına cəlb edilib. Burada həmçinin 34 nəfər isə peşə hazırlığına istiqamətləndirilib”.

Mais Musayev onu da bildirir ki, Laçında iki dəfə əmək yarmarkası, bir dəfə isə peşə yarmarkası keçirilib. Bu yarmarkalara 44 müəssisə tərəfindən 500-ə yaxın vakansiya təqdim edilib:

“Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti çıxarılıb. Laçında indiki vəziyyətdə 600-ə yaxın vakansiya mövcuddur. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur”.

Agentlik rəsmisi əlavə edib ki, bu yarmarkaların keçirilməsi üzrə işlər davamlı etdiriləcək.

Bu gün Laçın həm təbiəti, həm də insanpərvərliyi ilə hər kəsi özünə heyran qoyur.

30 ildən sonra tək Laçına yox, bütövlükdə Qarabağa həyat qayıdır.

Qayıdır ki, bu torpaqlarda əbədi bərqərar olsun.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər