Livanın Baş naziri Nəvvaf Salamın Bağdada səfəri zamanı keçirilən danışıqlarda Livan İraqa neftin Aralıq dənizinə nəqli üçün alternativ tranzit marşrutu təklif edib. Bu barədə mənbələrə istinadən The National məlumat yayıb.
Nəşrin yazdığına görə, OPEC-in ikinci ən böyük neft istehsalçısı olan İraq Hörmüz boğazının bağlanmasından ciddi zərər çəkib. Belə ki, ölkənin xam neft ixracı fevral-may aylarında sutkada 4,2 milyon bareldən 1,5 milyon barelə enib. Təhlükəli marşrutdan yan keçmək üçün Bağdad alternativ ixrac yolları axtarır.
Livan hakimiyyəti İraqa öz ərazisindən Aralıq dənizinə əlavə çıxış kimi istifadə etməyi təklif edib. Layihə Suriya ərazisindən keçən və Livanın Tripoli limanına qolu olan tarixi Kərkük–Baniyas neft kəmərinin bərpasını və genişləndirilməsini nəzərdə tutur.
Livanın energetika naziri Co Səddi danışıqları müsbət qiymətləndirib və layihənin qiymətləndirilməsi üçün birgə işçi qrupunun yaradıldığını bildirib.







