10 C
Baku
Wednesday, December 11, 2024

Lizinq nədir?

Bəzilərinin lizinq şirkətlər haqqında kifayət qədər məlumatı vardır. Lakin hazırda bir çoxumuz, hələ də lizinqin nə olduğu haqqında dolğun məlumata malik deyilik.

Lizinq haqqında məlumatınızın olması və sizə necə kömək ola biləcəyini öyrənməyiniz üçün bildirmək istərdik ki, lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır. Özündə bank kreditini, icarəni, investisiya elementlərini cəmləşdirən lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.

Lizinqverən – lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinqalana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

Lizinqalan – lizinq obyektini lizinq müqaviləsi əsasında müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən hüquqi və ya fiziki şəxsdir.

Satıcı – alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinqverənə satan hüquqi və ya fiziki şəxsdir.

Lizinq ilə kreditin fərqi nədir?

Lizinqi kreditdən fərqləndirən üstün cəhətlərindən biri də bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Misal üçün siz hər hansı bir avadanlığı almaq üçün bankdan nağd olaraq pul götüməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaqdır. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə siz əldə etdiyiniz krediti, banka ödəməli olacaqsınız.

Lizinq vasitəsilə isə hər hansı bir avadanlıq aldığınız zaman sizdən bankla müqayisədə bir çox sənədlər tələb olunmayacaqdır. Siz isə həmin avadanlığı əldə edəcəksiniz və hər ay onun haqqını ödəməli olacaqsınız. Sizdən sənədlərin tələb olunmamasının səbəbi isə aldığınız əşyanın sənədləri şirkətin adına qalacağı ilə bağlıdır. Daha sonra siz borcunuzu ödədiyiniz zaman həmin avadanlıq sizin şəxsi mülkiyyətiniz hesab olunacaqdır.

Bildiyiniz kimi lizinq sazişləri əsasən uzunmüddətli olaraq bağlanılır. Bu müqaviləyə görə lizinq alana lazım olan əmlakı lizinq verən şirkətlər satıcıdan mülkiyyət hüquqi ilə alaraq lizinq alan şəxsə təqdim edir. Hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir.

Lizinq şirkətlərinin bir sıra üstünlükləri vardır. Bunlara misal olaraq demək istərdik ki, Lizinq şirkətləri lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır. Həmçinin Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Bununla yanaşı siz bankdan kreditləri uzun müddətə götürmək istədiyiniz zaman lizinq üzrə kreditlərin verilməsi daha da uzunmüddətli olur.

Hazırda ölkəmizdə dinamik işləyən bir çox lizinq şirkətləri vardır. Aşağıdakı cədvəldə lizinq şirkətləri ilə tanış ola bilərsiniz.

Lizinq Şirkətləri

Səhmdarlar

Qafqaz Lizinq

Metin Limited Şirkəti – 50%,”NAB Group of Companies” şirkəti,

A.Lizinq

Evsen Group

AG Lizinq

AG Bank və xarici investorlar

ATA Lizinq

ATA Bank

MCB Lizinq

Əsas hissəsi – MCB Bank Limited Şirkəti, bir qismi isə Azərbaycanlı iş adamı

FinansLizinq

Azərbaycanlı fiziki şəxslər- 100%

Joint Lizinq

Azərbaycan Beynəlxalq Bankına 94,6% ,Biznes-Rabitə MMM-yə -5,4%

Standard Lizinq

Bank Standard – 99,998%,  Aqroland MMC -0,002%

Unileasing

                                   UNİBANK – 66,67%

Pareks  Lizing  and Faktorinq

Parex Bank Latviya

Lizinq müqaviləsi haqqında qanun

  • Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
  • Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
  • Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

Lizinq verənin məsuliyyəti

Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir.

Lizinq alanın məsuliyyəti

Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Ümumiyyətlə lizinqin, istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafında böyük rolu vardır. Kiçik və orta müəssisələrin kredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.

Sonda onu da qeyd etmək istərdik ki, ölkəmizdə hələdə Lizinq şirkətləri potensiallarını tam olaraq aça bilməyiblər. Çünki adi vətəndaşlar öz biznesini genişləndirmək istədikdə ilk ağıllarına Bankların və yaxud Boktların təqdim etdiyi kreditlər gəlir. Baxmayaraq ki, lizinq şirkətləri bank və boktlara baxanda əhaliyə daha çox sərf edir.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.