Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı “Payonix” əmtəə nişanın sahibi “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib.
Banker.az AMB-yə istinadla xəbər verir ki, requlyator “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı düşməsinin öncədən izlənilməsi və vaxtında müvafiq tədbirləri görülməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Xatırladaq ki, “Baku Pay” MMC və ya “Payonix” 2017-ci ildə təsis edilib. Şirkət 2024-cü ildə Mərkəzi Bankdan lisenziya əldə edib. Hazırda 2 milyon 750 min manat nizamnamə kapitalına sahibdir.







