28 C
Baku
Tuesday, April 30, 2024

Mərkəzi Bank icbari sığorta növlərinə icazə üçün Əlavə Tələblərin dəyişməsini şərh edib

Azərbaycan Mərkəzi Bankı (AMB), İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər olunmasını şərh edib.

Qurum bəyan edib ki, onun əsas fəaliyyət istiqamətlərindən biri də sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsidir. Bu istiqamətdə son dövrlərdə, xüsusilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtoicbari) sahəsində həyata keçirilən tədbirlər və tətbiq edilən yeniliklər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə təqdim edilir.

Sığorta sahəsində görülən islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə xidmət edir. Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir. Həmin tələbə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz internet səhifəsinin texniki imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar.

İnformasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi, bütün dünyada olduğu kimi ölkəmizdə də internetə çıxışın genişləndiyi və rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın tələbi nəzərə alınaraq qeyd edilən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri hesab olunub. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər