Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-nin kreditorlarına müraciət edib.
Müraciətdə deyilir:
“Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, “Naxçıvan Bank”ın maliyyə göstəriciləri qənaətbəxş olub, onun likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, bankın BOKT-a çevrilməsi onun səhmdarlarının qəbul etdiyi biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində AMB Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvan Bank”a qabaqcadan razılıq verib. Yenidən təşkil çərçivəsində “Naxçıvan Bank” öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planını təsdiq edərək icrasına başlayıb, kreditorlarını bu barədə məlumatlandırıb. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858 manat ekvivalenti) AMB-yə açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəlikləri isə bank icra edib.
AMB-yə açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543 manat ekvivalentində) və 1 918 fiziki şəxsə (cəmi 270 520 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə bu gündən AMB-nin Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər”.