6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydasını təsdiqlədi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/4 nömrəli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Qaydada xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən 1 ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan ediləcəkdir.

Qəbul olunmuş Qayda ölkəmizin maliyyə bazarlarında xüsusi tənzimləmə rejimində innovativ xidmət və məhsulların təqdim edilməsinə, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

 


 

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

QƏRARI

 

№ 06/4
Bakı şəhəri
31 yanvar 2024-cü il

“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci və 50-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

QƏRARA ALIR:

  1. “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdimolunmasınıtəmin etsin.

Mərkəzi Bankın sədri Taleh Kazımov

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 06/4

31 yanvar 2024-cü il

 

Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası

 

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və maliyyə bazarlarında xüsusi tənzimləmə rejiminin tətbiqi qaydasını müəyyən edir.

1.2. Xüsusi tənzimləmə rejiminin tətbiqinin məqsədi maliyyə bazarlarında innovativ xidmət və məhsulların (bundan sonra – innovativ məhsulların) təqdim olunması üçün həmin məhsulların test rejimində sınaqdan keçirilməsi və sınağın nəticəsi uğurlu olduğu halda davamlı surətdə təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsidir.

1.3. Xüsusi tənzimləmə rejimi aşağıdakı prinsiplər əsasında tətbiq edilir:

1.3.1. xüsusi tənzimləmə rejimində bərabər iştirakın təmin edilməsi;

1.3.2. xüsusi tənzimləmə rejiminin iştirakçısı tərəfindən istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi.

  1. Anlayışlar

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. xüsusi tənzimləmə rejimi – maliyyə bazarlarında innovativ məhsulun məhdud çərçivədə və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusu;

2.1.2. innovativ məhsul – bu Qaydanın 3.1-ci bəndində müəyyən edilmiş tələblərə cavab verən xidmət və məhsullar;

2.1.3. sınaq – xüsusi tənzimləmə rejimi çərçivəsində iştirakçı və Mərkəzi Bank arasında bağlanmış müqavilə şərtləri əsasında innovativ məhsulun təqdim edilməsi;

2.1.4. ərizəçi – Azərbaycan Respublikasının ərazisində innovativ məhsulun sınağı üçün Mərkəzi Banka müraciət edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs;

2.1.5. iştirakçı – xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ məhsulu sınaqdan keçirmək üçün Mərkəzi Bankla müqavilə bağlamış ərizəçi;

2.1.6. istifadəçi – xüsusi tənzimləmə rejimində təqdim olunan innovativ məhsulu əldə edən (istifadə edən) və ya etmək niyyətində olan müştəri;

2.1.7. vətəndaş qüsursuzluğu – ərizəçinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddəsinin tələblərinə uyğun olması faktı;

2.1.8. çıxış strategiyası – iştirakçının xüsusi tənzimləmə rejimində iştirakına xitam verildikdə onun bazardan çıxış tədbirlərini ehtiva edən plan.

2.2. Bu Qaydanın məqsədləri üçün “benefisiar mülkiyyətçi” və “mühüm iştirak payı” anlayışları Qanunda verilən mənaları ifadə edir.

  1. Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün tələblər, rejim iştirakçılarına qanunvericiliyin tətbiqi və nəzarət

3.1. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq üçün innovativ məhsul və ərizəçi aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1. innovativ məhsul yerli bazar üçün yeni olmalı və bazarda maliyyə inklüzivliyini artırmalı, maliyyə xidmətlərinin istifadəçiləri üçün təhlükəsiz və daha əlçatan olmalıdır;

3.1.2. innovativ məhsul real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalıdır;

3.1.3. sınağın nəticəsi uğurlu olduğu təqdirdə ərizəçinin innovativ məhsulu Azərbaycan Respublikasında tətbiq etmək niyyəti olmalıdır;

3.1.4. innovativ məhsulun tətbiqi potensial sistem riskləri yaratmamalı və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını artırmamalıdır;

3.1.5. innovativ məhsul üzrə risk təhlili aparılmalı, baş verə biləcək risklərin, o cümlədən istifadəçilərin məlumatlarının konfidensiallığının və qanuni mənafelərinin pozulmasının qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən edilməlidir;

3.1.6. ərizəçinin benefisiar mülkiyyətçiləri, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, habelə mühüm iştirak pay sahibləri, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri vətəndaş qüsursuzluğuna malik olmalıdır;

3.1.7. innovativ məhsulu təhlükəsiz təqdim etmək üçün ərizəçi yetərli maliyyə və insan resurslarına, habelə zəruri infrastruktura (texnoloji avadanlıq, informasiya sistemi və s.) malik olmalıdır.

3.2. İştirakçıya və (və ya) innovativ məhsula münasibətdə qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri aşağıdakılardır:

3.2.1. iştirakçının fəaliyyəti lisenziya və ya icazə tələblərindən azaddır;

3.2.2. maliyyə bazarlarını tənzimləyən qanunvericilik, o cümlədən mövcud olan prudensial normativ və tələblər iştirakçıya və (və ya) innovativ məhsula münasibətdə tətbiq edilmir, qismən tətbiq edilir və ya fərqli qaydada tətbiq edilir.

3.3. Mərkəzi Bank tərəfindən iştirakçının fəaliyyətinə nəzarət aşağıdakı formaların biri və ya bir neçəsi tətbiq edilməklə həyata keçirilir:

3.3.1. iştirakçının fəaliyyətinə dair dövri hesabatların alınması və təhlil edilməsi;

3.3.2. iştirakçının fəaliyyətinin monitorinqi;

3.3.3. istifadəçilərin hüquqlarının qorunması məqsədilə innovativ məhsulun test məqsədli alışının həyata keçirilməsi;

3.3.4. iştirakçının fəaliyyətinin yoxlanılması.

3.4. İştirakçının fəaliyyətində aşkar edilmiş pozuntuların və ya pozuntuya səbəb ola biləcək halların xarakterindən asılı olaraq Mərkəzi Bank tərəfindən aşağıdakı təsir tədbirləri həyata keçirilir:

3.4.1. pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini əks etdirən öhdəlik məktubunun tələb edilməsi;

3.4.2. pozuntuların və ya pozuntuya səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstərişlərin verilməsi;

3.4.3. xüsusi rejimdə iştirakla bağlı bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsi və iştirakçının fəaliyyətinin həmin dəyişikliklərə uyğun həyata keçirilməsi barədə icrası məcburi olan göstərişin verilməsi.

3.5. Bu Qaydanın 3.2.2-ci və 3.3.1-ci yarımbəndlərinin tətbiqi qaydası Mərkəzi Bank tərəfindən iştirakçının fəaliyyət göstərdiyi sahənin və innovativ məhsulun xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir və xüsusi tənzimləmə rejimində iştirakla bağlı Mərkəzi Bankla müqavilə bağlayan iştirakçıya yazılı formada bildirilir. Bu Qaydanın 3.3.2 – 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulan nəzarət formaları bu Qaydada ayrı hal müəyyən edilməyibsə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tətbiq edilir.

3.6. Bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq iştirakçıdan öhdəlik məktubunun təqdim edilməsi tələbində onun təqdim edilmə müddəti, icrası məcburi olan göstərişlərdə isə pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar və onların aradan qaldırılması müddəti göstərilir.

3.7. Aşağıdakı hallarda iştirakçının fəaliyyətinin yoxlanmasına dair Mərkəzi Bank tərəfindən qərar qəbul edilir:

3.7.1. bu Qaydanın və (və ya) bu Qaydaya uyğun olaraq bağlanmış müqavilənin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb edildikdə;

3.7.2. Mərkəzi Bankın tətbiq etdiyi təsir tədbirlərinə tam və vaxtında əməl edilmədikdə;

3.7.3. Mərkəzi Banka təqdim edilən hesabatların təhrif olunması faktı aşkar edildikdə;

3.7.4. mənbəyi məlum olan məlumatlar əsasında innovativ məhsul istifadəçilərinin hüquqları və qanuni mənafeləri üçün təhdid yarandığı aşkar edildikdə;

3.7.5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda.

3.8. Mərkəzi Bank tərəfindən yoxlamanın keçirilməsi barədə azı 3 (üç) iş günü əvvəl iştirakçıya yazılı bildiriş göndərilir. Bildirişdə yoxlamanın başlanma tarixi, əhatə dairəsi, yoxlamanın dövrü və müddəti göstərilir. Bu Qaydanın 3.7-ci bəndində göstərilən hallarda yoxlama iştirakçını əvvəlcədən məlumatlandırmadan da aparıla bilər.

3.9. Yoxlamanın nəticələri yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabatda hesabatın nömrəsi və tərtib edildiyi tarix, yoxlanılan iştirakçının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.), yoxlamada iştirak edən yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr və yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə), aşkar olunmuş pozuntular və pozuntulara səbəb ola biləcək hallar, tələbləri pozulmuş hüquqi aktların və (və ya) müqavilənin konkret struktur elementləri, əgər varsa, iştirakçının izahatı və ya etirazı əks olunur. Yoxlama haqqında hesabat yoxlamada iştirak etmiş bütün yoxlayıcılar və iştirakçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

  1. Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciət

4.1. Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən müəyyən edilir və bu barədə azı 1 (bir) ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir.

4.2. Ərizəçi xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka aşağıdakı sənədləri və məlumatları əlavə etməklə yazılı müraciət təqdim edir:

4.2.1. bu Qaydaya 1 nömrəli Əlavədə nəzərdə tutulmuş formada tərtib edilmiş xüsusi tənzimləmə rejimində iştirakla bağlı ərizə;

4.2.2. ərizəçinin icra orqanının rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

4.2.3. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

4.2.4. ərizəçinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə mühüm iştirak pay sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin siyahısı (soyadı, adı, ata adı, şəxsiyyətini təsdiq edən sənədin FİN-i, FİN olmadıqda sənədin nömrəsi göstərilməklə), həmin şəxslərin vətəndaş qüsursuzluğuna dair məlumat (həmin şəxslər əcnəbi olduqda, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən verilmiş arayış);

4.2.5. ərizəçinin təşkilati strukturu haqqında məlumat;

4.2.6. innovativ məhsul ilə bağlı azı aşağıdakıları özündə əks etdirən biznes plan və (və ya) texniki-iqtisadi əsaslandırma:

4.2.6.1. innovativ məhsulun maliyyə bazarlarında mövcud olan məhsullardan fərqi haqqında detallı açıqlama və tətbiqi sxemləri;

4.2.6.2. ərizəçinin innovativ məhsulu sınaqdan keçirilərkən hədəflədiyi istifadəçi qrupu;

4.2.6.3. gözlənilən nəticələrin təsviri və onların qiymətləndirilməsi üçün proqnoz edilən kəmiyyət və keyfiyyət göstəriciləri;

4.2.6.4. innovativ məhsulun faydalarının, funksionallığının və əlaqəli risklərin təsviri və idarə edilməsi;

4.2.6.5. innovativ məhsulun təhlükəsiz sınağı üçün tələb olunan maliyyə və insan resurslarının, habelə zəruri infrastrukturun əsaslandırılması və onların mövcudluğuna dair məlumat;

4.2.6.6. innovativ məhsulun texniki arxitekturası, tətbiq ediləcək texnologiyaların təsviri və zəruri texniki infrastrukturun mövcudluğunun əsaslandırılması;

4.2.6.7. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətlə bağlı görüləcək tədbirlərin təsviri;

4.2.6.8. istifadəçilərin məlumatlandırılması qaydası və üsulları, habelə onların müraciətlərinə baxılması proseduru;

4.2.6.9. innovativ məhsulun tətbiqini məhdudlaşdıran (olduqda) maliyyə bazarlarını tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar barədə məlumat;

4.2.6.10. sınaq rejimində iştirak üçün təxmin edilən müddət barədə məlumat və sınaq rejimindən real mühitə keçid planı;

4.2.6.11. azı aşağıdakıları özündə əks etdirən çıxış strategiyası:

4.2.6.11.1. sınağa xitam verilməsi haqqında istifadəçilərin məlumatlandırılması və istifadəçilər tərəfindən görüləcək tədbirləri əhatə edən proseslərin təsviri;

4.2.6.11.2. istifadəçilər qarşısında mövcud olan hər hansı öhdəliklərin icrası, o cümlədən ödənişlərin geri qaytarılması prosesi;

4.2.7. istifadəçilərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün görüləcək tədbirlər.

4.3. Bu Qaydaya əsasən tələb olunan sənədlər və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Ərizəçi maliyyə bazarlarında fəaliyyətdə olan Mərkəzi Bankın nəzarət subyekti olduqda bu Qaydanın 4.2.2-4.2.5-ci yarımbəndlərində müəyyən olunmuş sənədlər təqdim edilmir.

4.4. Ərizəçinin təqdim etdiyi xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

  1. Müraciətlərə baxılması

5.1. Mərkəzi Bank təqdim edilmiş ərizə və ona əlavə olunan digər sənədlərə daxil olduğu tarixdən 20 (iyirmi) iş günü ərzində baxaraq müvafiq qərar qəbul edir. İnnovativ məhsulun və ərizəçinin bu Qayda ilə müəyyənləşdirilmiş meyarlara uyğunluğunun araşdırılması üçün əlavə vaxt tələb olunduqda, Mərkəzi Bank ərizəçiyə məlumat verməklə müraciətə baxılması müddətini əlavə olaraq 20 (iyirmi) iş günü müddətinə uzada bilər.

5.2. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə ərizəçi tərəfindən aradan qaldırılması zəruri olan səhvlər və çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizə və ona əlavə olunan sənədlər daxil olduğu tarixdən 10 (on) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir və ya göndərir (elektron qaydada, yaxud sifarişli poçt göndərişi vasitəsilə).

5.3. Ərizəçi bu səhvləri və çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən etibarən ən geci 20 (iyirmi) iş günü ərzində aradan qaldırmalı və Mərkəzi Banka təqdim etməlidir. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qaydanın 5.1-ci bəndində müraciətə baxılması üçün müəyyən edilmiş müddət axımını dayandırır.

5.4. Ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilməsi və ya iştirakdan imtina edilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir.

5.5. Mərkəzi Bank ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilməsi və ya iştirakdan imtina edilməsi ilə əlaqədar qərar qəbul etdikdə, qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində qərar ərizəçiyə təqdim edilir və ya göndərilir (elektron qaydada yaxud sifarişli poçt göndərişi vasitəsilə). Ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq verildikdə bu barədə qərarın qəbul edildiyi gündən 20 (iyirmi) iş günü ərzində ərizəçi və Mərkəzi Bank arasında bu Qaydanın 6.2-ci bəndində müəyyən edilmiş müqavilə bağlanılır.

5.6. Aşağıdakı hallarda ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakından imtina barədə qərar qəbul edilir:

5.6.1. təqdim edilən innovativ məhsul və ərizəçi bu Qaydanın 3.1-ci bəndində göstərilən tələblərə cavab vermədikdə;

5.6.2. ərizəçi ona yazılı bildirişdə göstərilmiş səhvləri və çatışmazlıqları bu Qaydanın 5.3-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda;

5.6.3. risklərin qiymətləndirilməsi nəticələrinə əsasən innovativ məhsul riskli hesab edildikdə;

5.6.4. ərizəçinin resursları və infrastrukturu bu sınağın biznes plana və (və ya) texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq həyata keçirilməsinə kifayət etmədikdə;

5.6.5. təqdim edilən sənəd və məlumatlar tam olmadıqda və ya yanlış olduqda.

5.7. Xüsusi tənzimləmə rejimində iştirakına bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq imtina cavabı almış ərizəçi ən tezi 2 (iki) ay sonra aşkar edilmiş səhvləri və çatışmazlıqları aradan qaldıraraq təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

  1. Xüsusi tənzimləmə rejimində iştirakla əlaqədar müqavilə

6.1. Xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilmiş ərizəçi innovativ məhsulların sınağını Mərkəzi Bankla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirir.

6.2. Müqavilədə azı aşağıdakılar göstərilir:

6.2.1. xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsulun qısa təsviri;

6.2.2. sınağın başlama və bitmə tarixi daxil olmaqla, sınağın müddəti;

6.2.3. tərəflərin hüquq və öhdəlikləri;

6.2.4. iştirakçıya tətbiq olunan məhdudiyyətlərin siyahısı (ərazi, müddət, əməliyyatların sayı, həcmi, istifadəçilərin sayı və ya digər məhdudiyyətlər);

6.2.5. sınağın nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunan kəmiyyət və keyfiyyət meyarları;

6.2.6. istifadəçilərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün görüləcək tədbirlər;

6.2.7. sınaq tamamlandıqda və ya müddəti bitməmiş sınağa xitam verildikdə bütün konfidensial məlumatların, o cümlədən istifadəçilərə aid fərdi məlumatların qorunması və məhv edilməsi prosedurları daxil olmaqla, çıxış strategiyası ilə bağlı müddəalar;

6.2.8. təqdim edilən innovativ məhsul ilə bağlı sınaq dövrü ərzində dəyişikliklərin edilməsi ilə bağlı Mərkəzi Bankın razılığının alınması və bununla bağlı müqaviləyə dəyişikliyin edilməsi qaydası;

6.2.9. müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət;

6.2.10. müqaviləyə xitam verilməsi halları və qaydası;

6.2.11. məxfiliyin təmin edilməsi ilə bağlı müddəalar.

6.3. İştirakçı müqavilədə göstərilən tarixdən etibarən sınağa başlamaq hüququna malikdir.

6.4. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 (on iki) aydan çox ola bilməz. Sınaq müddəti onun bitməsinə ən geci 1 (bir) ay qalmış iştirakçının əsaslandırılmış yazılı müraciəti əsasında Mərkəzi Bankın müvafiq qərarı ilə 6 (altı) aydan çox olmayan müddətə uzadıla və bununla bağlı müqaviləyə dəyişiklik edilə bilər. Müddətin bu cür uzadılması 5 (beş) ildən çox ola bilməz və sınaq rejimində ən azı 6 (altı) ay fəaliyyət göstərmiş iştirakçılara şamil edilir.

  1. Xüsusi tənzimləmə rejimində iştiraka xitam verilməsi

7.1. Xüsusi tənzimləmə rejimində iştiraka bu Qaydanın 6.4-cü bəndinə müvafiq olaraq sınaq müddətinin bitməsi ilə xitam verilir.

7.2. Aşağıdakı hallarda iştirakçının xüsusi tənzimləmə rejimində iştirakına sınaq müddəti bitməmiş xitam verilə bilər:

7.2.1. iştirakçının müraciəti ilə;

7.2.2. iştirakçı hüquqi şəxs olaraq ləğv edildikdə və ya müflis elan edildikdə;

7.2.3. Mərkəzi Bankın bu Qaydanın 3.4-cü bəndinə müvafiq olaraq tətbiq etdiyi təsir tədbirlərinə tam və vaxtında əməl edilmədikdə;

7.2.4. bu Qayda ilə müəyyən edilmiş tələblər pozulduqda və ya müqavilədə nəzərdə tutulmuş digər hallarda.

7.3. Bu Qaydanın 7.2.3-cü yarımbəndində nəzərdə tutulan əsas üzrə xüsusi tənzimləmə rejimində iştirakına xitam verilmiş iştirakçıya Mərkəzi Bank bu barədə növbəti iş günündən gec olmayaraq yazılı bildiriş göndərir. İştirakçı xitam haqqında bildirişi aldıqda, habelə iştirakçının bu Qaydanın 7.2-ci bəndində göstərilən digər əsaslar üzrə xüsusi rejimdə iştirakına xitam verildikdə dərhal məhsulun təqdim edilməsi əməliyyatlarını dayandırmalı və müqavilədə nəzərdə tutulmuş çıxış strategiyasının icrasına başlamalıdır.

7.4. Xüsusi tənzimləmə rejimində iştirakına xitam verilməsi rejim iştirakçısını istifadəçilər və digər şəxslər qarşısında həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir.

  1. Hesabatlılıq və sınağın nəticələri

8.1. İştirakçı sınaq dövrü ərzində hesabatlığın düzgün aparılmasını və hesabatların bu Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq müəyyən edilmiş vaxtda Mərkəzi Banka təqdim edilməsini təmin etməlidir. Sınaq dövründə aparılan əməliyyatlar və istifadəçilər haqqında məlumatlar azı 5 (beş) il müddətində saxlanılmalıdır.

8.2. İştirakçının xüsusi tənzimləmə rejimində iştirak müddəti bitdikdən və ya iştirakına vaxtından əvvəl xitam verildikdən sonra 20 (iyirmi) iş günü ərzində iştirakçı Mərkəzi Banka sınaq nəticələrinə dair azı aşağıdakı məlumatları təqdim edir:

8.2.1. innovativ məhsulun təqdim olunduğu istifadəçi növünə (fiziki şəxs, hüquqi şəxs və s.) görə sayı, əməliyyatların sayı və həcmi (aylar üzrə olmaqla), innovativ məhsulun tətbiq ediləcəyi ərazi;

8.2.2. iştirakçının sınaq zamanı qarşılaşdığı problemlərin təsviri və görülən tədbirlər;

8.2.3. innovativ məhsulun təqdim edilməsi ilə bağlı istifadəçilərin şikayətləri, əməliyyat və kibertəhlükəsizlik insidentləri, habelə üzləşdikləri fırıldaqçılıq halları barədə məlumatlar;

8.2.4. sınaq zamanı ortaya çıxan risklər və onlara qarşı görülən tədbirlər barədə məlumat;

8.2.5. müqavilədə müəyyən edilən kəmiyyət və keyfiyyət meyarları üzrə göstəricilər.

8.3. Bu Qaydanın 8.2-ci bəndində göstərilənləri əks etdirən hesabatı iştirakçıdan aldıqdan 20 (iyirmi) iş günü müddətində Mərkəzi Bank sınağın nəticəsi barəsində qərar qəbul edir və qərar barədə 3 (üç) iş günü müddətində iştirakçıya məlumat təqdim edir və ya göndərir (elektron qaydada yaxud sifarişli poçt göndərişi vasitəsilə).

8.4. Sınağın nəticələrinə əsasən iştirakçı müqavilədə göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə nail olmadıqda və (və ya) istifadəçilər, yaxud maliyyə sabitliyi üçün potensial risklər müəyyən edildikdə, Mərkəzi Bankın qərarı əsasında sınaq uğursuz hesab edilir.

  1. Xüsusi tənzimləmə rejiminin şəffaflığının təmin edilməsi və mübahisələrin həlli

9.1. Mərkəzi Bank rəsmi internet səhifəsində iştirakçıların reyestrini dərc edir. Reyestrə iştirakçının adı, internet səhifəsi (varsa), əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və.s.), təqdim etdiyi innovativ məhsul, sınağın keçirilmə müddəti, sınaq nəticələri və sınağa vaxtından əvvəl xitam verildiyi halda bu barədə məlumatlar daxil edilir.

9.2. İştirakçı innovativ məhsulun xüsusi tənzimləmə rejimi çərçivəsində təqdim edilməsi haqqında istifadəçilərini əvvəlcədən yazılı məlumatlandırır. İştirakçı təqdim edilən məlumatlandırmanı oxuduqlarına və başa düşdüklərinə dair istifadəçilərdən yazılı təsdiq əldə edir.

9.3. Xüsusi tənzimləmə rejimində iştirakla bağlı Mərkəzi Bankın qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

 

“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”na

Əlavə 1

Azərbaycan Respublikasının

Mərkəzi Bankına

 

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı

 

Ə R İ Z Ə

_____________________________-nin ___________________________________________
(hüquqi şəxsin adı) (qərar qəbul edən idarəetmə orqanının adı)
«____» _____________ 20__-ci il tarixli ____________ №-li qərarına uyğun olaraq
______________________________________təqdim edilməsi (göstərilməsi)
(innovativ məhsulun (xidmətin) adı)
ilə bağlı xüsusi tənzimləmə rejimində iştiraka dair müraciətinə baxılmasını xahiş edir.

 

Ərizəyə əlavə olunan sənədlərin siyahısı:

___________________

 

Ərizəçinin rəsmi internet səhifəsi (mövcud olduqda), elektron poçt ünvanı və əlaqə vasitələri:

__________________________________________________________________________

Ərizənin doldurulduğu tarix: __________________________
(gün, ay, il)
Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası:
____________________________________ _____________________
(vəzifəsi, soyadı, adı, atasının adı) (imza)

Son xəbərlər
Digər xəbərlər