Məşhur sahibkar və investor Mark Kuban bitkoinə şübhə ilə yanaşdığını açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu kriptovalyuta dünya iqtisadiyyatını Qiyamət günü ssenarisindən qoruya bilməyəcək, çünki hər hansı bir problemi həll edə biləcək vasitəyə deyil, dinə bənzəyir.
“Bitkoin – hər hansı bir problemi həll etmək üçün vasitə deyil, böyük dindir. Onun pərəstişkarları Qiyamət günü ssenarisinə qarşı müdafiə olunduqlarını göstərmək istəyirlər, lakin bu belə deyil”, – deyə milyarder qeyd edib.
Kuban hesab edir ki, bitkoin və ya digər hər hansı bir kriptovalyuta heç vaxt ənənəvi valyutanı əvəz edə bilməyəcək.
“Ölkələr valyutalarını qorumaq üçün müxtəlif addımlar atacaqlar – məsələn, kriptovalyutaya qarşı vergi tətbiq edəcəklər. İnsanlar bitkoinə nə qədər çox inansalar, dövlətin müdaxiləsi riski də bir o qədər artacaq”, – investor vurğulayıb.
Milyarder bitkoini qızılla müqayisə edib. Onun sözlərinə görə, kriptovalyutadan əmanət kimi istifadə etmək mümkün olsa da, tələb və təklifin sabit olmaması səbəbindən qiymətdə hər zaman dalğalanma olacaq.
Xatırladaq ki, Mark Kuban daha əvvəl də kriptovalyutaya şübhə ilə yanaşdığını dilə gətirmişdi. 2019-cu ilin sentyabrında o, “Wired”ə verdiyi müsahibədə “bananı bitkoindən üstün tutduğunu” açıqlamışdı. Onun fikrincə, banan ən azından qida dəyərində sahibdir.
Dekabrın 17-də bitkoinin qiyməti maksimum səviyyəyə çatmışdı – 23 min dollar. Ekspertlər qiymətin artmağa davam edəcəyini düşünürlər: onların sözlərinə görə, bitkoin minimum 2021-ci ilin birinci rübünün sonuna qədər böyüyəcək və 31 min dollar həddini aşacaq.