“Effektiv fiskal və monetar idarəetməni dəstəkləmək üçün maliyyə sektorunda sabitlik və likvidlik 2025-ci ilədək tam təmin ediləcək”.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib.
Sənəddə bildirilib ki, bunun üçün dövlət istiqrazlarının və sərbəst dövriyyədə olan digər qiymətli kağızların daha likvid olması təmin edilməlidir. “Likvidlikdə artım vacib qiymət siqnalı olub, real iqtisadiyyata daha çox kredit kütləsinin axını ilə nəticələnən likvid banklararası bazarın inkişafına təkan verir. Həmçinin, daha dərin kapital bazarları çevik yerli investisiyalar üçün imkan qazandırır və bu, müvəqqəti sərmayə imkanları axtaran investorlar üçün xüsusilə vacibdir. Bu prioritetin əsas məqsədi daha çox yerli kreditorları və kredit axtaranları kapital bazarlarına cəlb etməkdən ibarətdir. Bu, kapital bazarlarının daha da şaxələndirilməsi və volatilliyin azaldılmasına gətirib çıxarır, həmçinin manatın daha cəlbedici olması üçün manat nominasiyalı investisiya qoyuluşlarına daha geniş imkanlar açır. Nəticədə, hazırda əsasən ABŞ dollarında saxlanan yığımlar get-gedə daha çox manata çevriləcək. Daha dərin kapital bazarı həm də Mərkəzi Banka daha effektiv monetar siyasət yürütmək və bazarda qeyri-müəyyənlik olduqda son instansiya kreditoru kimi hərəkət etmək imkanı verəcək”.
Sənəd müəlliflərinin fikrincə, Azərbaycanda 2025-ci ilə qədər maliyyə sektorunda qısamüddətli sabitləşdirmə təmin ediləcək, ortamüddətli dönəmdə struktur islahatları ilə inkişaf gücləndiriləcək, uzunmüddətli dönəmdə isə maliyyə sektoru qlobal müstəvidə açıq rəqabətə hazırlanacaq. Sənəddə vurğulanıb ki, ölkədə maliyyə sektorunda islahatların region dövlətlərinə nisbətən daha sürətlə aparılması, ölkəyə xarici investisiya cəlbini genişləndirməklə milli iqtisadiyyatın dayanıqlı inkişafına təkan verəcək.