10 C
Baku
Wednesday, December 11, 2024

Manatının dövriyyəyə buraxılmasından 24 il keçir

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 24 il keçir. Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 11 fevral 1992-ci il tarixli “Milli Bankın yaradılması haqqında” və 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanları ilə qoyulub.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əsginasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əsginaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əsginasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

Ümumikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.

2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb.

Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. Ötən ilin dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı “üzən məzənnə” rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişməkdədir.

Məsələn, bu il martın 11-də Azərbaycanda 1 dollar 1,6456 manata bərabər olub ki, bu da “üzən məzənnə” rejiminə keçilməsindən bəri ən yüksək həddir. Bu ilin mayın 25-26-da isə dolların qiyməti minimum həddə – 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,6102 AZN/USD-yə bərabərdir./Report

Son xəbərlər
Digər xəbərlər