“Göstəricilər güclü avrozona iqtisadiyyatının mövcud olduğunu ortaya qoyur. Müsbət maliyyə konyunkturası investisiyalardakı artımı dəstəkləyir. İqtisadi artımın dayanıqlılığı inflyasiyanın yüksələcəyinə inamı artırır. 2018-ci ildə avrozonada iqtisadi artım proqnozumuzu 2,3%-dən 2,4%-ə yüksəltdik. 2019-cu il iqtisadi artım proqnozumuz dəyişməyərək 1,9%-də, 2020-ci il isə 1,7%-də qalıb”.
“Report”, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi (Mario Dragi) bugünkü monetar siyasət iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
ECB rəhbəri, “baza inflyasiyamız ortamüddətli perspektivdə mərhələli şəkildə artacaq. ECB bu il üçün inflyasiya proqnozunu dəyişməyərək 1,4%-də saxlayıb”, -deyib.
Draqinin açıqlamaları avronun məzənnəsində güclü dəyişikliyə səbəb olmayıb. “Report”un analitik qrupu martın 20-21-də keçiriləcək FED iclasında uçot dərəcəsinin artması ehtimalının yüksək olması səbəbindən avronun ucuzlaşmağa başlaya biləcəyini bildirir.