Hakim Milli Yenidənqurma Hərəkatının lideri Klaudiya Şeynbaum iyunun 2-də Meksikada keçirilən prezident seçkilərində qalib gəlib.
Meksikanın hazırkı dövlət başçısı Andres Manuel Lopes Obrador da daxil olmaqla, rəqibləri artıq onu təbrik ediblər. Klaudiya Şeynbaum Meksikanın 200 illik müstəqilliyi dövründə ali dövlət postuna seçilən ilk qadın olub.
Meksika Milli Seçki İnstitutunun məlumatına görə, hökumət yönümlü “Tarixi Birlikdə Yazaq” koalisiyasının namizədi Klaudiya Şeynbaum bülletenlərin 25 faizinin hesablanmasından sonra təxminən 57,3 faiz səslə liderlik edir. Onun əsas rəqibi “Meksika üçün güc və ürək” müxalifət alyansının namizədi Soçitl Halves 30 faiz səs toplayıb. Üçüncü yerdə qərarlaşan Vətəndaş Hərəkatı partiyasından Xorxe Alvares Maynes seçicilərin yalnız 10 faizinin etimadını qazanıb.
Qeyd edək ki, ətraf mühit və energetika üzrə alim Klaudiya Şeynbaum 2000-2006-cı illərdə Mexiko şəhərinin meri olub, 2018-2023-cü illərdə paytaxt hökumətinə rəhbərlik edib.
İyunun 2-də meksikalılar prezidentlə yanaşı Konqresin aşağı palatasının 500 üzvünə və 128 senatora da səs verib. Eyni zamanda, regional səviyyədə səkkiz qubernator və Mexiko şəhərinin meri də seçilib.