“Microsoft”, “Accenture” və “Goldman Sachs” yeni bir fond yaradıblar. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, fondun adı “Green Software Foundation”dır. O, ətraf mühitə daha az zərər verən “Linux Foundation” və iqlim qrupları kimi şirkətlərin səylərini birləşdirəcək. Bu barədə çərşənbə axşamı günü “Microsoft Build Developers” konfransında bildirilib.
“Green Software Foundation” fondunun təsisçiləri sırasına həmçinin “Microsoft”a məxsus olan “GitHub” və “ThoughtWorks” konsaltinq şirkəti daxildir. Fond proqram təminatının iqlimə təsirini qiymətləndirmək üçün yeni alətlər və standartlar yaratmağı, eyni zamanda daha az enerji sərf edən proqram tərtibatçılarını yetişdirməyi planlaşdırır. Qeyd edək ki, qlobal elektrikli enerjiyə olan tələbatın təxminən 1%-i məlumatların emalı sahəsinin payına düşür.
Texnologiyalar inkişaf etdikcə, proqram tətbiqləri daha da mürəkkəbləşir və daha çox vaxt, enerji və hesablama gücü tələb edir ki, nəticədə məlumat mərkəzlərinin ətraf mühitə vurduğu zərər də artır. “Microsoft”, “Amazon”, “Google” və “Alphabet” kimi şirkətlər yaxın gələcəkdə karbon qazı emissiyalarını azaltmağı planlaşdırır. Buna nail olmaq üçün “yaşıl” mühəndisliyin inkişafına sərmayə qoyulmalıdır.
“Green Software Foundation” elektrik enerjinin miqdarı, mikroprosessorların istifadə effektivliyi və şəbəkələrin ekologiyaya zərəri kimi göstəriciləri araşdıracaq. “Bu, təhlükəsizlik, səmərəlilik və etibarlılıq kimi çox məsuliyyətli bir iş olacaq”, – deyə “Microsoft”un əlaqələr üzrə mütəxəssisi Ceff Sendkvist söyləyib.