Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda WUF13 çərçivəsində “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, şəhərlərin iqtisadi inkişafı ilə bağlantılılıq arasında əlaqə qurulmalı və bütün bu proseslərin əsas məqsədi insanların rifahının yaxşılaşdırılması olmalıdır.
O qeyd edib ki, Bakı tarixən sivilizasiyaların, ticarət yollarının və mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşən şəhər olub və bu gün də həmin rolu qoruyub saxlayır. M. Cabbarov çıxışında Bakı və Sumqayıtın ölkənin ən böyük metropoliten və iqtisadi mərkəzi kimi roluna, azad edilmiş ərazilərə, Azərbaycanın digər bölgələrinə, eləcə də hökumətlərin və şəhərlərin funksiyalarına toxunub.
Nazir əlavə edib ki, Azərbaycan eyni zamanda regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib.







