6 C
Baku
Sunday, December 15, 2024

Mikayıl Cabbarov BƏƏ səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Nazir qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə uğurlu əməkdaşlığı vurğulayıb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və s. sahələrdə əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə BƏƏ şirkətlərinin iştirakının təşviqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiqi ilə həyata keçirilən layihələr, sənaye, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı və digər istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş imkanlar olduğunu bildirib, bu baxımdan biznes dairələrinin fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, BƏƏ şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər