7 C
Baku
Sunday, December 15, 2024

Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib

Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Vəsait dövlətin mülkiyyəti hesab olunur, İdarənin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Vəsait “Milli arxiv fondu haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən İdarə tərəfindən tətbiq olunan cərimələrdən və ödənişli arxiv xidmətlərinin göstərilməsi ilə əlaqədar toplanmış xidmət haqları hesabına formalaşır.
Vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində İdarə üçün xüsusi xəzinə hesabı açılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabr ayının 26-da (dekabr ayının 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) İdarənin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

Vəsaitin dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlər üzrə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması; -işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;

– işçilərə maddi yardımın göstərilməsi.

Vəsaitin dövlət arxiv xidmətinin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq İdarənin aparatı və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üçün aşağıdakı təyinatlar üzrə xərclənir:

– malların (işlərin və xidmətlərin) alınması;

– qeyri-maliyyə aktivlərinin alınması;

– maddi-texniki bazanın gücləndirilməsi istiqamətində digər xərclər.

Vəsaitin 60 faizi və 40 faizi isə bu Qaydada nəzərdə tutulmuş məqsədlər üçün ayrılır. Verilən mükafatların və vəzifə maaşlarına əlavələrin məbləği aylıq vəzifə maaşının 2 (iki) mislindən çox olmamaq şərtilə müəyyən edilir.

Qərara əsasən, Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

Bu Qaydada nəzərdə tutulan hallarda aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Aylıq vəzifə maaşına əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

Vəsaitdən istifadəyə nəzarət öz səlahiyyətləri daxilində İdarə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat İdarə tərəfindən Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər