6 C
Baku
Saturday, December 14, 2024

Milli Məclisdə 10 deputat yeri boş olacaq

Xəbər verdiyimiz kimi, Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatıdır.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Eyni zamanda deputat özü imtina etdikdə, mandatından məhrum edilir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.

Bununla da Milli Məclisdə 10 deputat yeri boş olacaq.

Xatırladaq ki, keçən il Milli Məclisin deputatları Madər Musayev və Qənirə Paşayeva vəfat ediblər. Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında isə Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Həmçinin, 3 il öncə Milli Məclisə 116 saylı Qəbələ seçki dairəsindən seçilən deputat Fəttah Heydərov vəfat edib.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər