10 C
Baku
Sunday, December 22, 2024

Milli sığortaçılığın 30 ili (5-ci yazı)

5-ci yazı

Yaşıl Kart Azərbaycanda

Azərbaycanın “Yaşıl Kart” Sığorta Sisteminə üzvlük məsələsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti orqanının təklifi ilə hələ 2005-ci ildən Nazirlər Kabinetində müzakirə olunurdu. Ölkəmiz 1999-cu ildən qurumun tranzit hüquqlu üzvü olmasına baxmayaraq, onun “Yaşıl Kart”a tam hüquqlu üzv olması müşkülə çevrilmişdi. Lakin bütün maneələrə rəğmən, bu məqsədlə 2004-2005-ci illərdə intensiv işlər davam etdirilirdi. Bu işdə “Yaşıl Kart”ın Azərbaycan şöbəsinin rəhbəri və icraçı direktoru xüsusi səy göstərirdi. Onlar Londongate (Azərbaycan) İnsurance Co.-nun əlaqələrindən yararlanaraq, Londonun sistem rəhbərliyi ilə danışıqlar aparırdılar. Təəssüflər olsun ki, o vaxt bütün bu səylər heç bir nəticə vermədi. 

Nəhayət, 28 noyabr 2014-cü il tarixdə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə vəziyyət köklü surətdə dəyişdi. Bununla ölkəmizin “Yaşıl Kart” Sığorta Sisteminə tam hüquqlu üzv olmasının hüquqi əsası yaradılmış oldu. Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Növbəti Baş Assambleyasında “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə qəbul olunmuş və 01 yanvar 2016-cı il tarixdən onun tam hüquqlu üzvü kimi fəaliyyətə başlamışdı. Azərbaycanın üzvlüyü ilə bu mötəbər təşkilatın iştirakçılarının sayı 48-ə çatmışdı. Azərbaycan MDB məkanında bu quruma üzv olan ilk ölkələrdən biri, Cənubi Qafqazda isə birinci oldu.

Azərbaycan Respublikasında milli Yaşıl Kart Bürosunun funksiyalarını Bürolar Şurasına üzv olan İcbari Sığorta Bürosu həyata keçirir. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan yerli sığortaçıların reyestrini aparır. Yalnız İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə icazə verilir.

Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanununda Yaşıl Kartla bağlı müvafiq dəyişikliklər aparılmışdır. İcbari Sığorta Bürosu Yaşıl Kartla bağlı fəaliyyətini öz Nizamnaməsinə və “Yaşıl Kart Sistemi Çərçivəsində Faliyyət Qaydaları”na əsasən həyata keçirir.  Həmin Qaydalar İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının 25 noyabr 2015-ci il tarixli iclasında təsdiq edilmişdir. Eyni tarixdə Himayəçilər Şurası tərəfindən “Azərbaycan Yaşıl Kart blanklarının forması, onların çap olunması, doldurulması və uçotu Qaydaları” da təsdiq edilmişdir. 

Hazırda biz, ölkəmizdə Yaşıl Kart sığorta müqavilələrinin və sığorta haqları yığımının illik dinamik artımını müşahidə etməkdəyik. Lakin bir sıra çatışmazlıqlar Yaşıl Kart Sisteminin tətbiqində problemlər yaradır. Belə ki, blankda sığorta haqqının və ya məbləğinin göstərilməməsi, məlumatlarda uyğunsuzluq səbəbindən  APPS-də çap problemi, gömrükdə müqavilənin rəsmiləşdirilməsi üçün vaxt məhdudiyyətinin olması bu sahədə işlərin normal aparılmasında əngəllər yaradır. Eyni zamanda, Avropadan gələn avtomobil sürücülərinin üzərində, bir qayda olaraq, nəqd vəsaitlər olmur, bu halda sığorta haqqının ödənilməsində problem yaşanır. Gömrük məntəqələrində post terminalların vaxtlı-vaxtında təmir olunmaması və ya elektrikin verilməsində süni fasilələr və s. belə problemlərdəndir.

Lakin bütün yuxarıdakılara baxmayaraq, Yaşıl Kart Sisteminin əhəmiyyətini də qeyd etmək lazımdır. Azərbaycan Respublikasında qeydiyyatda olan və Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisinə səfər edən bütün növdən olan nəqliyyat vasitələrinin sürücüləri mülki məsuliyyət sığortası əldə edir və səyahətlərini rahat şəkildə davam etdirirlər. Bu, xaricə öz avtomobili ilə gedənlərin işini də sadələşdirir, onlar Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkəyə gedərkən sərhəddə sığorta almalı olmurlar. Eyni zamanda,  bu sistemin tətbiq olunduğu ölkələrdən Azərbaycana gələnlərin də işi asanlaşır, onlar öz ölkələrinin Yaşıl Kartı ilə ölkəmizin hüdudlarında sərbəst və güvənli şəkildə hərəkət edə bilirlər.

Sığorta qanunvericiliyində dəyişikliklər

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 yanvar 2014-cü il tarixli kollegial qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın yeni  forması təsdiq edilmiş və həmin arayış forması ilə bağlı bundan əvvəlki 2012-ci il 15 mart tarixli Qərar ləğv edilmişdir.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa 18 dekabr 2015-ci il tarixli dəyişikliklər sığorta xidmətlərinin keyfiyyətinin artırılması və risklərin düzgün idarə olunması sisteminin yaradılması istiqamətində atılmış mühüm bir addım oldu. Dəyişiklikdən sonra və müvafiq Qanunun 50-3-cü maddəsinin tələbinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmalı idi. Bu dəyişiklik 01 noyabr 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bundan sonra sığorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari sığorta növləri üzrə sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürməyə başladılar. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verirdi.

Vətəndaşlar elektron sığorta müqaviləsini avtomobillərin qeydiyyat şəhadətnaməsi və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə əldə etmək imkanı qazanırdılar. Eyni zamanda, sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil etdiyi halda elektron sığorta müqaviləsinin birbaşa əldə edilməsi imkanı yaranırdı. Bağlanılmış sığorta müqaviləsinin təsdiqi üçün sığortalının mobil telefon nömrəsinə 9707 qısa nömrədən ödəniş kodu qeyd olunmuş SMS-in daxil olması və ya onun elektron poçt ünvanına eyni məlumatın daxil olması da uğurlu yeniliklərdən idi. Bundan sonra müvafiq sığorta müqaviləsi artıq gecə yarısı saat 00.01-dən deyil, sığortalı ödənişlə bağlı təsdiqləyici SMS aldıqdan dərhal sonra qüvvəyə minirdi. 

 

Sığorta haqları ödənişinin informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə həyata keçirilməsi, qanunla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirimlərin (güzəştlərin) tətbiq edilməsinin, habelə bu məqsədlə hədiyyələrin verilməsi və ya digər formada sövdələşmələrin təklif edilməsinin qadağan edilməsi, icbari sığorta müqaviləsinin elektron sənəd formasında bağlanması, müəyyən olunmuş hallarda və qaydada zərərin əvəzinin zərərçəkənin sığortaçısı tərəfindən ödənilməsi, zərərçəkənin sığortaçısının zərərvuranın sığortaçısına qarşı iddialarının subroqasiya hüququ qaydasında təmin edilməsi sözü gedən sığortada əsil inqilabi dəyişikliklər təəssüratı yaradırdı. İcbari avtoməsuliyyət sığortası müqavilələrinin buraxılışı və qeydiyyatı sahəsində İSB-nin daxili sistemlərinin təkmilləşdirilməsi daimi qaydada davam etdirilir. Görülən işlər nəticəsində sığorta vasitəçilərinin Büronun mərkəzi sistemində identifikasiyasının həyata keçirilməsi təmin edilmişdi. Bu sistem bir tərəfdən vasitəçilik təsisatının daha şəffaf və məsuliyyətli fəaliyyətinə səbəb olmuş, digər tərəfdən daha səmərəli nəzarətə imkan yaratmışdı. Bu layihənin həyata keçirilməsi bütövlükdə sığorta bazarının sağlamlaşdırılması istiqamətində həmin dövrdə həyata keçirilən ən təsirli tədbirlərdən hesab edilməlidir. 

Lakin əfsuslar olsun ki, icbari sığorta qanunvericiliyinə qeyd olunan dəyişikliklərdən sonra bütün müsbət yeniliklərlə yanaşı sığorta bazarında bəzi neqativ hallar da müşahidə edilməkdə idi. Azərbaycan Respublikası Maliyyə Bazarlarna Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının sığorta bazarı təhlil edilərkən sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı istehlakçıların hüquqlarının qorunması sahəsində qanunsuzluqlar və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnən nöqsanlar aşkar edilmişdi. Məhz bundan sonra, 11 iyul 2016-cı il tarixdə Palatanın Baş icraçı direktorunun və Sığorta bazarına nəzarət departamentinin direktorunun imzası ilə icbari sığorta sahəsində ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinin rəhbərlərinə xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin məktubda şirkət rəhbərlərinə fiziki şəxs sığorta vasitəçilərinin fəaliyyətində nöqsanların aradan qaldırılması və həmin halların gələcəkdə təkrarlanmamasını təmin etmək və bu sahədə fəaliyyətin qanunvericiliyin tələblərinə tam uyğun aparılmasını təmin etmək tapşırılırdı. Nöqsanların davam etdiriləcəyi halda sığorta vasitəçilərinə qarşı təqdimat və sanksiyaların tətbiq ediləcəyi, bu hallara təkrarən yol verildiyi təqdirdə isə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın dayandırılacağı və ya ləğv ediləcəyi haqqında xəbərdarlıq olunurdu. Sığorta vasitəçilərinin fəaliyyətində müşahidə olunan nöqsan və pozuntular isə daha çox sığorta müqavilələri verilən zaman sığortalılara endirim və ya güzəştlərin edilməsi, hədiyyələrin təklif edilməsi və ya bu cür sövdələşmələrin aparılması, hesabatlarda nöqsanların aradan qaldırılması, icbari sığorta şəhadətnamələrinin istehlakçılara daha ucuz qiymətə təqdim edilməsi məqsədilə sığorta müqavilələrində məlumatın qəsdən səhv yazılması, lisenziya olmadan sığorta agenti fəaliyyəti ilə məşğul olmaq və digər sahələri əhatə edirdi. 

 

Çox keçmədi ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında növbəti dəyişikliklər həyata keçirildi. Həmin dəyişikliklər İcbari Sığorta Bürosunun 29 yanvar 2017-ci il tarixli Forumunda sığortaçıların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunmuşdur. Dəyişikliklərin qısa məzmunu aşağıdakı kimi idi:                                                  

  • Müvafiq sığorta müqaviləsinin sığortaçının deyil, İSB-nin platformasından rəsmiləşdirilməsi;
  • İcbari sığorta müqaviləsi yazılan komputer, planşet, yaxud smartfonların İSB-də qeydiyyatdan keçirilməsi;
  • İSB tərəfindən istifadəçinin səlahiyyətliliyinin MBNP vasitəsilə avtorizasiya olunması (Bundan sonra icbari avtosığorta buraxmaq səlahiyyəti yalnız İSB tərəfindən verilirdi) ;
  • Web-interfeyslə sistemə daxil olmaq üçün elektron imza, mobil vasitələrlə daxil olmaq üçün isə asan imza-nın tələb olunması;
  • Sığorta haqqı ödənilmədən sığorta şəhadətnaməsinin çap edilməsinin mümkünsüz olması;
  • Yeni sistemin DİN ilə bərabər Dövlət Yol Polisi və Dövlət Miqrasiya Xidməti ilə də inteqrasiya olunması.

Istifadəçinin identifikasıyasının asanlaşması, qeyri-rezidentlərin şəxsi məlumatlarının sistemə maneəsiz daxil edilməsi və onların bonus-malus sistemindən faydalanması imkanının yaranması, bu sığorta növündə şəffaflığın təmin edilməsi, mövcud fırıldaqçılıq hallarının aradan qaldırılması, sub-agent şəbəkəsinin tam leqallaşdırılması və ya onların bazardan sıxışdırılıb çıxarılması, sığortaçıların məcburi ödəmələrlə bağlı məsuliyyətinin artırılması və bu sahəyə ümumi nəzarətin gücləndirilməsi bütövlükdə bu dəyişikliklərin müsbət tərəfləri idi. Lakin onun tam nöqsansız olduğunu da iddia etmək olmazdı. Belə ki, məlum dəyişikliklərdə ödəniş qəbzinin hər bir şəhadətnamə üzrə ayrılıqda çap olunması, hüquqi şəxslər üçün vahid ödəniş formasının hazırlanmaması – məsələn, korporativ müştərinin sığortalanacaq 20 avtomobilinin hər birinə ayrılıqda hesab faktura verilməsi, ştat işçilərinin müqavilə bağlamasının mümkünsüz olması mənfi hallar kimi qeyd edilməlidir.

Qanunvericiliyə 13 iyun 2017-ci il tarixli daha bir dəyişikliyə əsasən Qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsiz qaydada həyata keçirilməsi təsdiq edilmişdir. Bu dəyişikliyin tətbiqindən sonra digər sahələrdə olduğu kimi sığorta bazarında da nağd pulların dövriyyəsi ilə bağlı bəzi çatışmazlıqlar aradan qaldırıldı.

İnzibati Xətalar Məcəlləsindəki məlum dəyişikliklər avtomobil sahiblərinin icbari mülki məsuliyyət sığortasında növbəti bir yenilik oldu. Belə ki, nəqliyyat vasitəsinin sahibi öz mülki məsuliyyətini icbari qaydada sığorta etdirmədiyi halda DYP-nin Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən avtomatik olaraq elektron protokol tərtib edilməsi böyük yenilik idi. Bu yeniliyin həyata keçirilməsi üçün İSB-də avtonəqliyyat  vasitələrinin icbari sığortasına dair məlumat bazası DYP-nin MİS ilə inteqrasiya olunmuşdur. 

Ölkə üzrə lisenziya tələb olunan fəaliyyət növlərinə, o cümlədən sığorta lisenziyalarına görə ödənilən dövlət rüsumlarının məbləğinin aşağı salınması əhəmiyyətli hadisələrdən idi. Belə ki, müvafiq dəyişikliklərdən sonra sığorta lisenziyaları üçün dövlət rüsumlarının həcmi aşağı salınmış və sığorta fəaliyyəti üzrə 11 000 manat (bundan öncə 22 000 manat), təkrarsığorta üzrə 11 000 manat (bundan öncə 22 000 manat), hüquqi şəxs olan sığorta brokerləri üçün 11 000 manat (bundan öncə 22 000 manat), fiziki şəxs olan sığorta brokerləri üçün 500 manat (bundan öncə 1000 manat), hüquqi şəxs olan sığorta agentləri üçün 500 manat (bundan öncə 1000 manat), və fiziki şəxs sığorta agentləri üçün 200 manat (bundan öncə 220 manat) səviyyəsinə endirilmişdi.

Avto icbari sığortada cari ilin noyabr ayında sığorta haqlarının hesablanması qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən baza sığorta haqqı dəyişdirilməsə də, risk səviyyəsinə görə baza sığorta haqqına (tarifinə) yeni əmsallar tətbiq edilməlidir. Belə ki, baza sığorta haqqına tətbiq ediləcək əmsallar üç amillə bağlı olacaqdır. Sürücünün yaşı və sürücülük təcrübəsi, nəqliyyatın intensiv olduğu ərazi və nəqliyyat vasitəsinin istismar müddətinə əsasən müxtəlif intervallarda əmsallar tətbiq ediləcəkdir.

Təkrarsığorta sisteminin mövcud durumu

Təkrarsığortanın əhəmiyyəti dünya sığorta sistemində durmadan artmaqdadır. Müasir dünyada müşahidə olunan katastrofik təbiət hadisləri, nəhəng, dəyəri milyonlarla ölçülən tikinti və konstruksiyalar, kosmik avadanlıqlar, yeni pandemik xəstəliklər və s. eyni zamanda risk ehtimallarının da artmasını şərtləndirir. Belə olduqda isə təkrarsığortanın vacibliyini əlavə şərh etməyə ehtiyac qalmır. Beləliklə, ilkin sığortaçının riskləri qəbul etməsi üçün onlara əlavə imkanların yaradılması, qəbul edilmiş risklərin yenidən bölüşdürülməsi, sığortaçının illik balansının müdafiə olunması, birbaşa sığortaçının ödəmə qabiliyyətinin yaxşılaşdırılması və sığorta hadisəsi baş verdikdə zərər və itkiləri daha tez tənzimləmək üçün onu likvid aktivlərlə təmin etmək baxımından effektli təkrarsığorta sisteminin qurulması labüddür və bunsuz müasir sığortaçılığı təsəvvür belə etmək mümkün deyildir. 

Bəs Azərbaycanda təkrarsığorta sistemi ilə bağlı durum nə yerdədir? İlk olaraq onu qeyd etmək lazımdır ki, sığorta qanunvericiliyində aparılmış müvafiq dəyişikliklərdən sonra artıq təkrarsığortaya dair tələblər yenilənmişdir. Hazırda sığortaçılar həm də təkrarsığorta fəaliyəti göstərmək istədikdə, bu məqsədlə  tələb olunan kapitala malik olmalı və müvafiq dövlət rüsumunu ödəməlidirlər.

Hazırda  Azərbaycanın sığorta bazarında bilavasitə təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkət  “AzRe Təkrarsığorta” ASC-dir.  “AzRe Təkrarsığorta” oktyabr 2007–ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyəti aparmaq üçün lisenziya almışdır. Müxtəlif illərdə şirkətin maliyyə sabitliyi dünya reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. 

Ölkəmizdə fəaliyyət göstərən aparıcı sığortaçıların, demək olar ki, hamısı eyni zamanda təkrarsığorta ilə də məşğul olurlar. Lakin onların hesabında təkrarsığortadan daxilolmalar kiçik məbləğlə ifadə olunur. Bizim öndə gedən sığortaçılarımız Münix Re, Swiss Re, Riga Re, Scor, Generali, Hannover Re, Lloyds, AİG, Tokio Marine, Polish Re, Mercury Assistance kimi qüdrətli sığorta və təkrarsığorta şirkətləri ilə obliqator təkrarsığorta müqavilələrinə malikdirlər. Onlar eyni zamanda,  Willis Towers Watson, Marsh & McLennan, AON Benfield kimi beynəlxalq brokerlərlərlə iş birliyi yaratmışlar. Bu əməkdaşlıqda təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, sığortaçılarımız tərəfindən təkrarsığortaya qəbul edilən risklər az, təkrarsığortaya ötürülən risklər isə hədsiz dərəcədə çoxdur. Lakin bu cür vəziyyət bizi heç vaxt qane edə bilməz. Əgər əsas məqsəd daxili bazarı qorumaqdırsa, o zaman biz təkrarsığortaya ötürməklə öyünməməli və daha çox risk qəbul etmə yollarını aramalıyıq. 

Yeri gəlmişkən, ölkə Prezidenti 2019-cu ildə ənənəvi Davos sammitində Swiss Re şirkətinin rəhbərliyi ilə bir araya gəlmiş və Azərbaycan sığortaçıları ilə Swiss Re-nin əmlakın sığortası və təkrarsığortası sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. 

Bizcə, bir vaxtlar (2017-ci il) MBNP-nin məlum çağırışları ilə xarici təkrarsığortaçıların yerli bazardan çıxarılması məsələnin düzgün çözümü ola bilməz. İndiki narahat bir dövrdə ölkəmizdə mükəmməl təkrarsığorta daxılının yaradılması ideyasının reallaşmasına yenidən dəstək vermək lazımdır. Yalnız belə bir daxılı yaratmaqla biz bir tərəfdən, (keçən illər ərzində məlum zəlzələləri və iri ticarət mərkəzlərindəki yanğınları yada salın) yaranan itkilərin ödənilməsi ilə bağlı dövlətdən asılılığı aradan qaldıra, digər tərəfdən isə xaricdən riskləri və sığorta haqlarını qəbul etmə imkanlarımızı artıra bilərik.     

Sığorta bazarına dair statistik göstəricilər və müqayisəli təhlil

Bütün yuxarıda sadalananlar onu göstərir ki, ötən illər ərzində sığorta sektoru və onun inkişaf etdirilməsi yolları heç vaxt dövlətin diqqətindən kənarda qalmamışdır. Azərbaycan sığortaçılığı bütün çatışmazlıqlara baxmayaraq müəyyən inkişaf yolu keçmişdir. Dövlətimizin başçısı həmişə ölkəmizdə sığorta bazarının, o cümlədən sığorta sahibkarlığının inkişafını ciddi şəkildə əngəlləyən böyük problemlərə diqqət çəkir və bunun yolverilməz olduğunu vurğulayır. Məlumdur ki,  sığorta bazarının potensialını göstərən vacib makroiqtisadi göstəricilərin həcmi bizdə hələ ki, arzu olunan səviyyədə deyildir. Yuxarıda da qeyd etdiyimiz kimi, sığorta bazarı ölkə iqtisadiyyatının inkişafında vacib rol oynamalıdır. Bunun isbata ehtiyacı yoxdur. Bu məqsədlə ölkə sığortası hərtərəfli inkişaf etdirilməlidir. Gəlin, aşağıdakı statistik göstəricələrə diqqət yetirək. Şübhəsiz, bu göstəricilər sığorta bazarının ümumi  inkişafı haqqında müəyyən ilkin təsəvvür yaradacaqdır. 

İllər Sığorta bazarı üzrə yığılmış sığorta haqları,
(mln manatla)
Sığorta haqlarının ÜDM-da xüsusi çəkisi (faizlə) Adambaşına düşən sığorta haqqı (manatla)
2011 213,0 0,4% 23
2012 342,5 0,6% 37
2013 405,7 0,7% 43
2014 429,2 0,7% 45
2015 442,9 0,8% 46
2016 486,1 0,8% 50
2017 556,9 0,8% 57
2018 727,9 0,9% 73
2019                   681,2 0,8% 68
2020 728,6 0,85 74
2021 843,9 0,9-1,0 82

 

Cədvəldən göründüyü kimi, ümumi daxili məhsulda sığorta haqlarının xüsusi çəkisinin faiz nisbətində, 2019-cu ili çıxmaq şərtilə dinamik artım müşahidə olunmuşdur. Lakin razılaşarınınz ki, neft-qaz ölkəsində sığorta haqlarının xüsusi çəkisinin 1,0%-dək olması heç də ürəkaçan göstərici deyildir.  Məsələn, müqayisə üçün qeyd edək ki, bu nisbət Tayvanda 21%, Honq Konqda 18%, Cənubi Koreyada 12%, Finlandiyada 11%, Böyük Britaniyada və Niderlandda 10%, Fransada 9% təşkil edir. Şərqi Avropa ölkələrində isə bu göstərici təxminən 5%-dir.

Sığortaçıların tələb olunan kapitalının artırılması istiqamətində işlər sanki dayandırılmışdır. Ölkə sığortaçılarının nizamnamə kapitalının məcmu həcmi təxminən 300 milyon manat (təxminən 175 milyon ABŞ dolları) təşkil edir. Müqayisə aparaq, Munich Re-nin kapitalı 588 mln. Avro, Swiss Life sığortanın kapitalı 686 mln. Avro, Qərbi Avropanın məşhur AXA Sığorta Qrupunun (Fransa) kapitalı isə bundan dəfələrlə çoxdur. Göründüyü kimi,  hətta ən böyük səhm kapitalına malik olan yerli sığortaçıların mövcud kapitalının həcmi dünya pəncərəsindən olduqca kiçik görünür.

Müəllif:
Şükür Hüseynov

Son xəbərlər
Digər xəbərlər