“Biz demişdik ki, Misirlə danışıqlar prosesi başlaya bilər. Dünən həmin prosesin başlanması üçün addım atılıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan dünən Misir lideri Əbdülfəttah əs-Sisi ilə Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində görüşü zamanı çəkilən şəklə dair jurnalistin “Bütün Türkiyə dünən Sisi ilə görüş zamanı çəkdirdiyiniz fotodan danışır. Daha öncə bildirmişdiniz ki, münasibətlərin normallaşması üçün addımların atılması mümkündür. Hansı məsələlər ətrafında söhbətlər oldu, yeni danışıqlar prosesi başlayır? Bu haqda nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirib:
“Biz əvvəldən də demişdik ki, danışıqlar prosesi başlaya bilər. Belə bir prosesin başlaması üçün dünən ilk addım atıldı və müzakirələr apardıq. Ümid edirəm ki, ilk olaraq nazirlərimiz səviyyəsində başlayacaq proses, daha sonra daha yuxarı səviyyəli görüşlərə qədər yüksələcək”.
Türkiyə lideri bildirib ki, ölkələrarası münasibətlərin düzəlməsində xalqların əlaqələrinin bərpası böyük əhəmiyyətə malikdir: “Mən bu məsələyə belə baxıram, Türkiyə və Misir arasındakı əlaqələr təkcə ölkə liderlərinin görüşləri ilə yekunlaşmır, Türk milləti ilə Misir xalqı arasında keçmişdə olan birliyi bərpa etmək bizim üçün çox əhəmiyyətlidir. Niyə yenidən bu birlik olmasın? Biz bu istiqamətdə addımlar atdıq. Hər hansı fors-major hadisə baş verməsə, fövqəladə vəziyyət olmasa bu yöndə addımları atacağıq. Bizim Misir xalqından tək istəyimiz odur ki, Aralıq dənizi məsələsində bizə əks mövqedə olanlara qarşı aramızda sülhü bərqərar edək və bununla da yolumuza davam edək”.