23 C
Baku
Friday, April 19, 2024

MM-in komitə sədri: “Hər gün tonlarla çörək tullantıya çevrilir, itkiyə gedir”

“Bu gün dünyada baş verən proseslər – iqlim dəyişiklikləri, xəstəliklər, münaqişələr ölkələr arasında iqtisadi əməkdaşlıq zəncirinin həlqələrinin qırılmasına səbəb olur. Bu da tək Azərbaycan üçün deyil, əksər dünya ölkələri üçün müəyyən problemlər yaradır. Son bir neçə ayda dünya bazarında ərzağın qiyməti 20-30% bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, bahalaşma qarşıdakı aylarda da davam edəcək. Mövcud problemlər dünya bazarında ərzağın, xüsusilə taxılın, bitki yağlarının, un məmulatlarının, heyvandarlıq məhsullarının qiymətinin artmasına səbəb olub. Əlbəttə, bu bahalaşmanın qarşısını müəyyən vasitələrlə almaq lazımdır”.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, dünyanın bir parçası olan Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. “Bu bahalaşmaya real hadisələr baxımından qiymət verilməli, bunun həm obyektiv, həm də subyektiv səbəbləri nəzərə alınmalıdır. Biz dünyaya məhsulları ixrac edir, eyni zamanda, özümüz də bəzi məhsulları idxal edirik. Ötən il dünya bazarında Azərbaycan neftinin qiyməti ən aşağı həddə düşmüşdü. Ancaq indi ixrac etdiyimiz neft məhsullarının qiyməti xeyli yüksəkdir. Neftin və neft məhsullarının qiymətinin bahalaşması Azərbaycanın büdcəsinə külli miqdarda vəsait gətirir. Belə bir şəraitdə biz də xarici ölkələrdən idxal etdiyimiz məhsulları bazar qiymətlərinə uyğun almalı oluruq. Bunlar qiymətlərin dəyişməsinə səbəb olan obyektiv amillərdir” – deyə, sədr əlavə edib.

O qeyd edib ki, qiymət artımlarının qarşısının alınması məqsədilə hökumət bu yaxında bir neçə tədbirlər paketi hazırlayıb. Həmin sənədlərə əsasən, bəzi ərzaq məhsullarının ölkədən çıxarılmasına müəyyən qadağalar qoyulub, ixrac olunacaq məhsulların miqdarı müəyyən edilib. İndiki halda Azərbaycan vətəndaşlarının ehtiyacları üçün zəruri olan məhsulların xarici bazarlara çıxarılıb baha qiymətə satılması yolverilməzdir. “Bu, çox vacib qərardır. Düşünürəm ki, həyata keçirilməsi vacib olan tədbirlər bundan sonra da davam etdiriləcək”.

Tahir Rzayev ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan amillərdən danışarkən belə deyib:

“Burada Azərbaycan cəmiyyətindən, sahibkarlardan, bu sahə ilə məşğul olan qurumlardan asılı amillər də var. Bəzi işbazlar şəraitdən istifadə edib süni bahalaşma yaradırlar ki, bu da insanların ciddi narazılığına səbəb olur. Bu hallar aradan qaldırılmalıdır. Süni qiymət artımının qarşısını almaq üçün hökumət bu sahədə görülən tədbirləri gücləndirməlidir. Digər məsələ qiymət artımına insanların münasibətidir. Süni qiymət artımı yaradanlar bizim yaxınlarımız, qohumlarımızdır, bizimlə təmasda olan insanlardır. Ona görə də bu sahədə ictimai nəzarətin olması çox vacibdir. Ərzaq bahalaşmasının qarşısının alınmasında vacib məsələlərdən biri də israfçılığa yol verilməməsidir. Ərzaq məhsullarından qənaətlə istifadə etmək lazımdır. Bizdə hər gün tonlarla çörək tullantıya çevrilir, itkiyə gedir. Eləcə də ət məhsulları, yağlar və s. Şadlıq evlərində süfrəyə 15-20 adda qida məhsulu düzülür. Sözsüz ki, heç kəs bir oturuma bu qədər ərzağı, qidanı qəbul edə bilməz. Onların ancaq 20-30%-dən istifadə olunur, qalan 70-80%-i tullantıya çevrilir. Burada çörək, göyərti, ət məhsulları, un məmulatları üstünlük təşkil edir. Bunun qarşısı alınmalıdır. Bu, bizim nemətlərimizdir. Nemətə belə münasibət bəsləmək günahdır! Şadlıq evlərindəki vəziyyət kafe və restoranlarda da müşahidə olunur.

Ərzaq təhlükəsizliyinin təmin olunmasını təkcə dövlətin üzərinə qoymaq olmaz. Bu, hər bir vətəndaşın borcu olmalıdır. Hər kəs bilməlidir ki, israfçılıqla istehlak edilən məhsulların istehsalına, idxalına, daşınmasına xərc və əziyyət çəkilir. Ona görə də hər bir məhsulun qramının qədri bilinməlidir. Digər tərəfdən, ərzaq təhlükəsizliyinin təmin olunması üçün istehsal etdiyimiz məhsulların keyfiyyətinə ciddi diqqət yetirməliyik. Taxıl əkiriksə, onun məhsuldarlığına üstünlük verməliyik. Sahələrdən daha yüksək məhsul götürməliyik ki, gələcəkdə bol və keyfiyyətli ərzaq məhsulu ortaya qoyaq, insanların tələbatını ödəyək. Eləcə də heyvandarlıqla məşğul olan müəssisələrdə məhsuldarlığın artırılmasına diqqət yetirilməlidir. Dövlət bu sahədə mühüm addımlar atır”.

Son xəbərlər
Digər xəbərlər