5 C
Baku
Saturday, December 14, 2024

Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

Bu barədə Moldova parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu “TVR Moldova”nın efirində deyib.

“Bu sazişə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu, Moldovanın onu satın almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik”, – İ. Qrosu bildirib.

Onun sözlərinə görə, Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının köməyi ilə tikilən və bütün bu illər ərzində istifadə olunmayan 43,2 km uzunluğunda Yassı-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Qrosu qeyd edib ki, qiymət sərfəli olarsa, ölkənin öz anbarı olmadığı üçün onu qonşu ölkələrin yeraltı anbarlarına vura biləcək.

Rumıniyadan Moldovaya gələn qaz kəmərinin ötürmə qabiliyyəti ildə 1,5 milyard kubmetrdir, ölkədə isə 3 milyard kubmetrə qədər yanacaq istehlak edilir.

Xatırladaq ki, fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.

Son xəbərlər
Digər xəbərlər