Moonshot AI: Apple-da işləməkdən imtina edən CEO Çində Anthropic-ə rəqib yaratdı

Yan Cilinin hekayəsi “beyin axını”nın əks istiqamətdə də işləyə biləcəyini və ABŞ-nin texnoloji üstünlüyünə necə təhlükə yarada biləcəyini göstərən nümunədir.

Palo-Alto, Kaliforniya. Çinin Moonshot AI startapının baş direktoru Yan Cilin ABŞ-nin aparıcı universitetlərindən birində PhD dərəcəsi aldıqdan sonra ölkənin istənilən böyük texnologiya şirkətində işə düzələ bilərdi. Lakin o, başqa yol seçdi: vətəninə qayıdaraq bu gün OpenAI və Anthropic kimi nəhənglərlə rəqabət aparmağa qadir şirkət yaratdı.

Yanın keçdiyi yol getdikcə daha geniş yayılan tendensiyanı aydın göstərir: çinli mütəxəssislər ABŞ-də təhsil alır, daha sonra Çinə qayıdır və orada Amerika şirkətlərinə meydan oxuyan ciddi texnoloji layihələr qururlar.

Yan doktorluq dissertasiyasını Karnegi Mellon Universitetinin maşın öyrənməsi üzrə professoru və Apple-ın keçmiş əməkdaşı Ruslan Salaxutdinovun rəhbərliyi altında yazıb. Təxminən yeddi il əvvəl birbaşa Tim Kuka tabe olan Apple top-menecerlərindən biri Salaxutdinova müraciət edərək Yanın şirkətə qoşulmağa razı olub-olmayacağını öyrənməsini istəyib.

1992-ci ildə anadan olan Yan Çinin nüfuzlu Tsinxua Universitetini bitirdikdən sonra ABŞ-yə gedib və cəmi dörd il ərzində doktorluq dissertasiyasını müdafiə etməyə nail olub.

Hələ təhsil aldığı dövrdə Yan süni intellekt sahəsindəki işləri ilə seçilir və çoxsaylı iş təklifləri alırdı. Onların arasında Apple və Google da var idi. Ekspertlərin fikrincə, o, istəsəydi ABŞ-də asanlıqla qala, ya iri korporasiyada karyera qura, ya da aparıcı universitetlərdən birində akademik fəaliyyətə başlaya bilərdi.

photo 2026 08 12 16 38 30

“O, perspektivli tədqiqat istiqamətlərini görməyi bacarırdı, eyni zamanda dərin texniki işi — kodlaşdırma və optimallaşdırmanı da çox yaxşı yerinə yetirirdi. Qarşısında hər iki yol açıq idi: həm sənaye, həm də elm”, — Salaxutdinov xatırlayır.

Lakin Yan bu yolların heç birini seçmədi. 2023-cü ildə Çinə qayıtdıqdan sonra Moonshot AI-nin həmtəsisçisi oldu. İyulda şirkət Kimi K3 süni intellekt modelini təqdim etməklə özünü ciddi şəkildə göstərdi. Modelin göstəriciləri Anthropic və OpenAI-nin ən yaxşı həlləri ilə müqayisə oluna bilir.

Mart ayında Yan Silikon Vadisinə səfər edib və Nvidia-nın təşkil etdiyi süni intellekt konfransında çıxış edib.

“Açıq modellər sadəcə açıq olmamalıdır. Onlar həqiqətən güclü olmalıdır”, — Yan vurğulayıb.

Bundan qısa müddət sonra Kimi K3 təqdim edilib.

Yanın uğuru ABŞ texnologiya dairələrində belə perspektivli mütəxəssisin ölkədə saxlanıla bilməməsi ilə bağlı təəssüf yaradıb.

Lux Capital vençur şirkətinin həmtəsisçisi Coş Vulf X sosial şəbəkəsində bildirib ki, ABŞ ən yaxşı mütəxəssisləri daha fəal şəkildə cəlb etməli və ölkədə saxlamağa çalışmalıdır. Onun fikrincə, Çinli mütəxəssislərin dəstəklənməsi, o cümlədən onların ailələrinin ABŞ-yə köçməsinin asanlaşdırılması mühüm rol oynaya bilər.

Hazırda ABŞ süni intellekt infrastrukturu miqyasına, ilk növbədə yarımkeçiricilərin həcminə və məlumat mərkəzlərinin gücünə görə Çini qabaqlayır. Lakin süni intellektin inkişafının birbaşa asılı olduğu insan kapitalı sahəsində Amerika düşünüldüyündən daha həssas mövqedə ola bilər.

Stenford Universitetinin Huver İnstitutunun Çinin DeepSeek startapının kadr tərkibinə həsr etdiyi hesabat göstərir ki, ABŞ üçün Çindən olan süni intellekt mütəxəssislərini saxlamaq getdikcə çətinləşir. Üstəlik, Çin artıq öz istedad bazasını uğurla formalaşdırır.

DeepSeek-in 2024-cü ildən 2026-cı ilin aprelinədək dərc olunmuş yeddi elmi işinin müəlliflərinin təhlili göstərib ki, 30 əsas tədqiqatçının təxminən üçdə birinin və bioqrafiyası məlum olan 270 mütəxəssisin böyük hissəsinin xarici elmi müəssisələrdə iş təcrübəsi yoxdur.

“Bu onu göstərir ki, Çinin süni intellekt komandası sürətlə böyüyür və ABŞ institutlarında karyera yolu keçmədən getdikcə daha çox qabaqcıl həllər yaradır. ABŞ-nin Çində müstəqil texnoloji sıçrayış üçün kifayət qədər istedad və ya kompetensiya olmadığı fərziyyəsinə əsaslanan istənilən strategiyası artıq reallığa uyğun gəlmir”, — hesabatda bildirilir.

Əgər Moonshot AI və DeepSeek gələcəkdə Çin və ya Honkonq birjalarında IPO keçirsələr, digər sahibkarlar üçün nümunəyə çevrilə bilərlər. Bu isə tendensiyanı daha da gücləndirəcək: çinli süni intellekt mütəxəssisləri uğuru getdikcə daha çox ABŞ-yə köçməkdə deyil, öz ölkələrində qazanmağa çalışırlar.

Bu tendensiyanı digər nümunələr də təsdiqləyir. 2025-ci ildə əvvəllər OpenAI-də aparıcı tədqiqatçı vəzifəsində çalışan Yao Şunyuy Tencent Holdings-də süni intellekt üzrə baş alim olub. Bu ilin martında isə Google-un keçmiş top-menecerlərindən birinin Alibaba Group-un süni intellekt bölməsinə keçdiyi məlum olub.

“Çin və ABŞ arasında süni intellekt istedadları uğrunda rəqabət qaçılmazdır. ABŞ üçün ən yaxşı mütəxəssisləri yalnız cəlb etmək deyil, həm də saxlamaq kritik əhəmiyyət daşıyır. Hələ beş-on il əvvəl belə bir problem ümumiyyətlə yox idi”, — Ruslan Salaxutdinov bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər