Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı külli miqdarda saxta aksiz markalı məhsullar aşkar edilib.
Qurumdan verilən məlumata əsasən, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, qanunsuz istehsal və satış hallarının qarşısının alınması, eləcə də vergi intizamının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə aparılan operativ vergi nəzarəti tədbirləri zamanı saxta aksiz markaları ilə nişanlanmış məhsulların satışı və satış məqsədilə saxlanılması faktları müəyyən olunub.
Araşdırmalar zamanı Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində Murtuzayev Sahil Arif oğluna məxsus anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin məhsullar götürülüb.
Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar davam etdirilir.
Qurum sahibkarlara vergi və digər qanunvericilik tələblərinə ciddi əməl etmələri ilə bağlı çağırış edib. Bildirilib ki, qanunvericiliyə riayət olunması həm sahibkarların hüquqi məsuliyyət və maliyyə sanksiyalarından qorunmasına, həm də bazarda sağlam rəqabət mühitinin qorunmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına xidmət edir.
Dövlət Vergi Xidməti aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarət tədbirlərinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.







