Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında,
Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağrılıb.
Banker.az xəbər verir ki, barədə Azərbaycan Prezidenti 18 oktyabr tarixində sərəncam imzalayıb.
Digər sərəncamla Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə doktoranturaya qəbul edilmiş və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1999–2001-ci və 2004-cü illərdə Fransız Elmləri Beynəlxalq İnstitutunda, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunda və France İnternationale Radiosunda təcrübə keçmişdir. 2000–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləmişdir.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2006–2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir.
2009–2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olmuşdur.
Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Monteneqro və Koreya Respublikası arasında hökumətlərarası komissiyalarının üzvüdür. GUAM ölkələrinin mədəniyyət və turizm üzrə işçi qrupunun koordinatorudur (2013–2015).
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür (2013–2016, 2018-ci ildən indiyədək).
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyasının üzvüdür (09 mart 2017-ci il tarixindən).
BMT-nin Dünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması ilə bağlı 25 aprel 2016-cı il tarixində yaradılmış Beynəlxalq İşçi qrupunun, daha sonra isə Ad Hok Komitənin sədri vəzifəsinə seçilmişdir. 2017-ci ilin sentyabr ayında BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş Turizm Etikası üzrə Konvensiya təşkilatın ilk hökumətlərarası saziş olmuşdur.
2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilmişdir.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri.
2011–2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.
2018–2022-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində (daha sonra Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində) Aparat rəhbəridir.
2022-ci ilin fevral ayından indiyədək Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviridir.
Ailəlidir, iki qızı və bir oğlu var.