“Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının böyük hissəsinin istismar olunduğu ehtimal edilir. Yataqların istismarı kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilib. Əraziyə baxış keçirilməsi və monitorinq aparılması nəticəsində dəymiş zərər müəyyənləşdirilə bilər.
Banker.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalında paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində filiz və qeyri-filiz yataqları qeyri-qanuni və nəzarətsiz istismar edilir.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.