“Brent” markalı neftin bir barrelinin qiyməti həftə ərzində 61 dollaradək geriləyib. Bu da qiymətin son 8-9 ayın minimumuna enməsi deməkdir. “Light” neftinin qiyməti isə 53 dollar/barrel civarındadır.
Banker.az Azərtac-a istinadən xəbər verir ki, neftin qiymətinin düşməsinə qlobal iqtisadi proseslərlə yanaşı, müxtəlif ölkələrdən rəsmilərin bəyanatları da öz təsirini göstərdi. Bəs “qara qızıl”ın qiymətinin ardıcıl 7-ci həftəni itkilərlə tamamlamasına hansı amillər təsir etdi?
Səudiyyə Ərəbistanından təzadlı açıqlamalar
Körfəz ölkəsi gah neft istehsalının rekord səviyyəyə çatdığını bəyan edir, gah da ixracını azaldacağını açıqlayır. Belə ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ölkəsinin noyabrda oktyabrla müqayisədə daha çox neft hasil etdiyini deyib. Hazırda Körfəz ölkəsinin gündəlik neft istehsalı 10,7 milyon barreldən çoxdur.
Nazir daha əvvəl isə dekabrda Səudiyyə Ərəbistanının neft ixracını 500 min barrel azaldacağını bəyan etmişdi.
Neftin qiymətinin düşməsinə ən çox Donald Tramp sevinir
ABŞ Prezidenti Donald Tramp həftə ərzində 2 tviti ilə “qara qızıl”ın qiymətinin geriləməsində bilavasitə rol oynadı. Belə ki, D.Tramp ilk tvitində Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı ilə ticari müqavilələri davam etdirəcəyini bildirdi: “100 milyard dollardan imtina etməyəcəyik. Əgər imtina etsək neftin qiyməti kəskin artacaq”.
D.Tramp Səudiyyə Ərəbistanı ilə özünün şəxsi ticari əlaqəsinin olmadığını söyləyib: “Əgər biz rəsmi Ər-Riyada hərbi avadanlıqlar satmasaq Səudiyyə Ərəbistanının bu tələbatını Rusiya və Çin təmin edəcək. Nəticədə Rusiya və Çin bu vəziyyətdən çox razı qalacaq”.
ABŞ Prezidenti ikinci tvitində isə “qara qızıl”ın qiymətinin ucuzlaşmasından razı qaldığını vurğuladı: “Neftin qiyməti ucuzlaşır. Əla!. Bu, Amerika və dünya üçün böyük vergi endirimi kimidir. Təşəkkürlər Səudiyyə Ərəbistanı. Lakin qiymətlər daha da ucuzlaşmalıdır”.
Bundan başqa, ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib və bu, rekord göstəricidir. ABŞ-ın gündəlik neft hasilatı isə 11,7 milyon barrel səviyyəsində qalıb.
OPEC gələn ildən neft istehsalını yenidən azaltmağı nəzərdə tutur
Bazar iştirakçılarının diqqəti dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 175-ci iclasına yönəlib. Toplantıda iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər nəzərdən keçiriləcək. İclasda, həmçinin ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq.
Rusiyanın energetika naziri Aleksandr Novak isə ölkəsinin OPEC-lə əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırdığını və bu məsələnin dekabrın 6-da müzakirə ediləcəyini deyib: “Rusiya və digər neft istehsalçıları hasilatın azaldılması ilə əlaqədar qərarı dekabr ayında verəcəklər”.
Rəsmi Bağdad yenidən Ceyhana üz tutdu
Ötən həftə İraq hökuməti Kərkük-Ceyhan boru kəməri ilə xam neftin ixracını bərpa etdi. İraqın Baş naziri Adil Abdulmehdi isə Rəsmi Bağdadın Kərkük-Ceyhan kəməri ilə neftin ixracını artırmağı nəzərdə tutduğunu bildirdi. Qeyd etdi ki, Kərkükdən Ceyhan limanına göndərilən neftin həcmi gündəlik 100 min barrelə çatacaq. Hazırda kəmərlə neft ixracı sutkada 60 min barreldir. Baş nazir neft gəlirlərinin ölkə büdcəsinin əhəmiyyətli bir hissəsi olduğunu da vurğuladı.
Bir müddətdir ki, İŞİD terrorçu qruplaşmasının, sonra İraq Kürd rəhbərliyinin hərbi birləşmələrinin təsirində olan Kərkük bölgəsinə hazırda İraq ordusu nəzarət edir.
Rusiyadan bədbin proqnoz
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın neftin bir barrelinin qiymətinin 35 dollara düşəcəyi təqdirdə ölkə iqtisadiyyatının tənəzzülə uğrayacağına dair bəyanatı da bazarda birmənalı qarşılanmadı. O deyib ki, risk ssenarisinə görə 2019-cu ildə neftin bir barrelinin qiyməti 35 dollara düşə bilər: “Əgər bu reallaşarsa sanksiyaların da təsiri ilə 2019-cu ildə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar”.
Gələn il neftin qiymətinin 55 dollar/barrel səviyyəsinə düşməsini ən mümkün ssenari kimi qiymətləndirdiklərini bildirən E.Nabiullina deyib: “Bu vəziyyətdə 2019-cu ildə Rusiyada iqtisadi artım nisbəti 1,1 ilə 1,7 faiz səviyyəsinə geriləyər. Neftin bir barrelinin qiyməti 75 dollar səviyyəsində qalarsa bu, büdcə üçün yaxşı olar, iqtisadi artım isə 1,5 və ya 2 faiz yüksələr”.
Analitiklər: OPEC və tərəfdaşlarına böyük iş düşür
Ekspertlərin fikrincə, Donald Trampın “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsi üçün OPEC və Səudiyyə Ərəbistanına qarşı təzyiqləri, eləcə də ABŞ-da artan ehtiyatlar neftin qiymətinin geriləməsinə gətirib çıxardı. Lakin OPEC və tərəfdaşlarının tədarükü azaltmaq barədə razılığa gəlmələri proseslərin fərqli yöndə dəyişməsinə səbəb ola bilər.
Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 61,94 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 53,35 dollara alıcı axtarır.