-1 C
Baku
Sunday, December 15, 2024

Novruz süfrəsi neçəyə başa gəlir? – ARAŞDIRMA

Bakıda 150 manata da səməni satılır.

Azərbaycana Novruz bayramı yaxınlaşır. Bayramda hər ailə müxtəlif növ yemək bişirməli və stolun üstündə bayram şirniyyatı və meyvələr olmalıdı. Ancaq süfrəni bolluca nemətlərlə doldurub bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur.

Araşdırma məqsədi ilə paytaxtın bazarlarında və ticarət mərkəzlərində bayramqabağı malların qiymətlərinin necə olduğunu və bayram süfrəsinin neçəyə başa gəldiyini öyrənmək üçün bir neçə bazara üz tutduq.

İlk öncə qeyd edək ki, Bakı şəhərində təşkil edilən yarmarkalardan və böyük ticarət mərkəzlərindən fərqli olaraq, paytaxt bazarlarında əksəriyyət məhsulların üstünə qiymət vurmayaraq, adət-ənənəyə sadiq qalaraq alıcılara bir qiymət deyib aşağı yeri var üsulu ilə satış təşkil edilir.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, satış yerlərindən asılı olaraq daha çox meyvələrin və qoz-fındığın qiymətlərində fərq var.

Bazarlarda və ticarət mərkəzlərində almanın qiyməti 0.40 – 1.50 manat təşkil edir. Armud isə 1.00 – 2.00 manatadır. Portağalın qiyməti 1.20 – 1.50 manat arasında dəyişir. Tərəvəz məhsullarının qiyməti də fərqlidir – satılan pomidor və xiyarın qiyməti 1.50 – 1.70 manat təşkil edir.

Novruz süfrəsini şəkərbura, paxlava ilə bəzəmək istəyənlər isə ciblərini bir az da boşaltmalı olacaq. Şirniyyatları bişirmək üçün istifadə olunan məhsulların da qiymətlərində yerdən asılı olaraq qiymət fərqlənir. Belə ki, bazarlarda və ticarət mərkəzlərində qoz 2.50 – 3.00 manata satılır. Canlarını əziyyətdən qurtarmaq istəyənlər isə daha çox ləpəyə üstünlük verirlər. Seçimlərini ləpənin üzərində saxlayanlar isə bilsinlər ki, qoz ləpəsi 10.00 – 11.00 AZN, fındıq ləpəsi isə 6.00 – 7.00 AZN arasında satılır.

Bayramqabağı ətin və balığın qiymətlərilə də maraqlandıq. Mal ətinin 1 kilosu 6–8 manat təşkil edirdi. Nərənin 1 kq-ı 56–62 manata, qızıl balığın 1kq-ı 11.50 AZN-ə satılır.

Bayramda plov bişirənlər də bilsin ki, düyülərin qiyməti 2–3 manat arasındadır. Badam 13.7 AZN, xurma 4.42 – 9.10, şabalıd 7.00, alça turşusu  4.90, kişmiş 4.60 – 10.00, ərik qurusu 3.25 – 7.00, iydə 2.00 – 3.00 AZN təşkil edir.

Bayram atributlarından şəkərbura və paxlavanın bişirilməsi üçün lazım olan Rusiya istehsalı olan kərə yağlarının qiyməti 3–5, Azərbaycanda Yeni Zelandiya kimi tanınan kərə yağının qiyməti isə 7–8 manat təşkil edir.

Novruz bayramının əsas atributlarından biri sayılan səmənilərin qiyməti isə 1 manatdan başlayaraq 150 manata qədər və daha yuxarı qiymətə satılır.

Yuxarıdakı qimətləri nəzərə alaraq söyləmək olar ki, bir ailə üçün bayram süfrəsi ən aşağı, ucuz qiymətlərlə hesablasaq, təxminən 100 manata başa gələcək.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər