NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri

Aprelin 14-də NVIDIA açıq mənbəli NVIDIA Ising süni intellekt modelləri ailəsini təqdim edib. Bunlar kvant kompüterlərinin hazırlanmasını sürətləndirmək üçün xüsusi olaraq yaradılmış dünyada ilk open source modellərdir. Adı mürəkkəb fiziki sistemlərin anlaşılmasını vaxtilə radikal şəkildə sadələşdirən statistik fizikanın İzinq modelinə istinad edir.

Kvant hesablamalarında süni intellekt ümumiyyətlə niyə lazımdır?

Kvant sənayesinin iki əsas ağrılı nöqtəsi prosessorların kalibrlənməsi və səhvlərin korreksiyasıdır. Bu problemlər həll olunmadan kvant kompüterləri laboratoriya oyuncağı olaraq qalır. NVIDIA hesab edir ki, məhz süni intellekt kövrək kubitləri etibarlı və miqyaslana bilən sistemlərə çevirəcək əsas “idarəetmə qatı” olacaq. Jensen Huang Ising-i birbaşa “kvant maşınlarının əməliyyat sistemi” adlandırıb.

Ising-in içində nə var?

Ailə iki əsas komponentdən ibarətdir. Birincisi Ising Calibration-dır. Bu, kvant prosessorlarından alınan ölçmələri şərh edə və fasiləsiz kalibrlənməni avtomatlaşdıra bilən vision-language modelidir. Əvvəllər günlərlə vaxt aparan proses indi saatlarla həll olunur. İkincisi isə Ising Decoding-dir. Bu, kvant səhvlərinin korreksiyası zamanı real vaxt rejimində dekodlaşdırma üçün nəzərdə tutulmuş 3D konvolyusion neyroşəbəkənin iki variantıdır. Bençmark nəticələrinə görə, bu modellər hazırkı open source standart sayılan pyMatching-lə müqayisədə 2,5 dəfə daha sürətli və 3 dəfə daha dəqiq işləyir.

Bu modellər artıq ciddi oyunçular tərəfindən istifadə olunur: Fermi National Accelerator Laboratory, Harvard, IQM Quantum Computers, Lawrence Berkeley National Laboratory, Infleqtion və digərləri. Ising Decoding-i tətbiq edənlər arasında Cornell University, Sandia National Laboratories, University of Chicago, UC Santa Barbara və Yonsei University də var.

NVIDIA yalnız modelləri deyil, həm də kvant hesablamaları üçün workflow-ları əhatə edən cookbook-u, təlim məlumatlarını və NVIDIA NIM mikroservisləri ilə inteqrasiyanı da təqdim edir. Bu, modelləri konkret avadanlığa minimum hazırlıqla uyğunlaşdırmağa imkan verir. Üstəlik, hər şeyi lokal şəkildə işə salmaq mümkündür ki, bu da proprietary məlumatlarla işləyənlər üçün kritik əhəmiyyət daşıyır.

NVIDIA ekosistemində Ising hibrid kvant-klassik hesablamalar üçün CUDA-Q platformasını və QPU-GPU bağlantısını real vaxt rejimində təmin edən NVQLink aparat interkonnektini tamamlayır. Ising eyni zamanda NVIDIA-nın açıq model portfelini də genişləndirir. Bu portfelə Nemotron (agent sistemləri), Cosmos (physical AI), Alpamayo (avtonom idarəetmə), Isaac GR00T (robototexnika) və BioNeMo (biotibb) da daxildir.

Resonance analitiklərinin qiymətləndirməsinə görə, kvant hesablamaları bazarı 2030-cu ilə qədər 11 milyard dolları ötəcək. Amma bu, yalnız səhvlərin korreksiyası və miqyaslanma problemləri həll olunacağı təqdirdə mümkün olacaq. Ising isə NVIDIA-nın bu boşluğu süni intellekt vasitəsilə aradan qaldırmaq cəhdidir.

Son xəbərlər
Digər xəbərlər