9 C
Baku
Thursday, December 12, 2024

Ödəniş terminalları ilə edilən əməliyyatları təsdiq edən məlumatlara dair tələblər müəyyənləşəcək

Həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlara dair tələblər müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka tövsiyə edilib ki aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

– ödəniş xidməti hesab edilməyən və mobil rabitə operatoru tərəfindən təqdim edilən ödəniş əməliyyatlarının yuxarı məbləğini;

– ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini;

– ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qaydasını;

– ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını və tələbləri;

– elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri;

– ödəniş agentinin cəlb edilməsi və ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələbləri, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələbləri;

– ödəniş xidməti təchizatçısı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verilməsi hallarını və qaydasını;

– emissiya olunan elektron pulun valyutasını, maksimum məbləğini və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmini;

– kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarlarını;

– ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələbləri;

– ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını;

– lisenziya əsasında fəaliyyət göstərən operatorun minimum nizamnamə kapitalının miqdarını;

– həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlara dair tələbləri;

– göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına dair tələbləri;

– operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələbləri;

– müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs üçün mülki məsuliyyətin sığortalanması və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın verilməsi üçün nəzərdə tutulan həddin minimum miqdarını;

– ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri;

– nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydasını.

Son xəbərlər
Digər xəbərlər