6 C
Baku
Sunday, December 15, 2024

Ölkə banklarına xaker hücumu ilə bağlı açıqlama

Ötən həftə “Dəmir Bank”ın hesablarından hakerlər tərəfindən 3 milyon dollar vəsaitin oğurlanması ilə bağlı xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər hakerlər tərəfindən oğurlanıb. Hazırda bankda bununla bağlı araşdırmalar aparılır.

Lakin bu məlumatı bankın rəsmiləri təsdiq etmədilər.

Öncə qeyd edək ki, dünyada hakerlərin banklara hücum etməsinə tez-tez rast gəlinir. Məsələn, ötən il hakerlər Rusiyanın Mərkəzi Bankına hücum edərək, 2 milyard rubl oğurlamışdılar. Bu kimi halların qarşısını almaq üçün banklar xüsusi mühafizə sistemlərindən istifadə edirlər. Bəs Azərbaycanda banklar hakerlərdən necə qorunur?

Ekspertlər bildirirlər ki, Azərbaycan banklarına haker hücumları əvvəlki illərlə müqayisədə kifayət qədər artıb, lakin bu hücumların əksəriyyəti heç də professional haker hücumları deyil. Güclü haker hücumlarının olmamasına səbəb isə Azərbaycan daxilində cinayətkarlıqla mübarizənin güclü olması, ölkədən onlayn rejimdə pul vəsaitlərinin çıxarılmasının çətin olmasıdır.

69271
Rauf Ağayev

“Azər-Türk Bank”ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev “Yeni Müsavat”a bildirib ki, ölkədə banklar haker hücumlarına qarşı xüsusi mühafizə sistemi ilə təchiz olunublar: “Bizim banka qarşı haker hücumları qeydə alınmayıb. Bizdə müdafiə sistemi güclü qurulub. Ümumilikdə isə banklarda müdafiə sistemi bir neçə səviyyəli olur. Hər bir bankda dörd səviyyəli müdafiə sistemi olmalıdır. Azərbaycanda da bir çox banklarda müdafiə sistemi məhz bu cür qurulub. Hətta beş səviyyəli müdafiə sistemi də quranlar var. Burada belədir ki, birinci və ikinci səviyyəni keçə bilən haker hücumu barəsində, dərhal bank xəbərdar olur. Digər səviyyələri isə keçmək çətin olur. Ona görə də müdafiə sistemləri məhz 4 və ya 5 səviyyəli qurulur. Hansı bankda müdafiə sistemi köhnədirsə və ya dörd hissədən yox, daha az hissədən ibarətdirsə, onlara müdaxilə etmək asan olur. Bu baxımdan da banklar çalışmalıdırlar ki, yeni texnologiyalar, layihələr tətbiq etsinlər. Bu elə bir şeydir ki, günbəgün, aybaay bu sahədə olan proqramlar yenilənir. Ona görə də prosesi izləmək lazımdır və buna uyğun tədbirlər görülməlidir. Banklar da öz müdafiə sistemlərini tez-tez müasir meyarlara uyğunlaşdırmalıdır. Belə olarsa, haker hücumunun qarşısı alınar”.

37969
Əkrəm Həsənov

Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bankların haker hücumu ilə bağlı məlumatları dəqiq araşdırmaq lazımdır: “Ümumən deyə bilərik ki, banklarımızın informasiya texnologiyaları (İT) siyasəti üzrə müvafiq qaydaları var. Əlbəttə ki, bankdan banka da fərq var. Bank sistemindən çıxan adam kimi deyə bilərəm ki, bu, elə də pis deyil. Bizim bankların İT təhlükəsizliyi normaldır. Əlbəttə ki, yəqin bu, dünyanın aparıcı banklarında olduğu kimi deyil. Ancaq normal saymaq olar. Bu baxımdan, hansısa bir haker hücumları nəticəsində ciddi hadisələrin baş verməsinə ehtimal vermirəm. Bizdə banklarımız deyəndə ki, haker hücumu nəticəsində onların pulu oğurlanıb, buna şübhə edirəm. Məndə ciddi şübhələr var ki, elə bu, bankların özlərinin etdikləri əməllərdir. Tutalım bank deyirsə ki, mənim 3-5 milyonum haker hücumu nəticəsində itdi, düşünürəm ki, bunu elə bank sahibləri özləri edirlər. Sadəcə olaraq, bankın vəziyyəti pis olduğu üçün onu bilərəkdən müflis etmək məqsədilə pullarını çıxarırlar. Sonra da deyirlər ki, haker gəldi, bizi müflis etdi”.

Ekspert bildirib ki, banklarımızda daha kiçik miqdarda pul itkilərinin olması da müşahidə edilir: “Bəzən vətəndaş deyir ki, kartımdan pul itdi və ya artıq pul çıxarıldı. Banklar buna adətən iki cür cavab verirlər. Ya deyirlər ki, yəqin kartı kiməsə vermisiz, istifadə ediblər, yaxud da bildirirlər ki, hakerlərin işidir. Burada isə ehtimal var ki, bunu elə bankın öz işçiləri edirlər. Hər bir halda bu məsələ çox ciddidir. Bank müştərisi üçün onun pulunun hansı səbəbdən itməsinin fərqi yoxdur. Bu baxımdan, hesab edirəm ki, dövlətin bu sahə ilə məşğul olan qurumları, yəni həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə tədbirləri, nəzarəti gücləndirməlidir. Banklar da onların təsdiq etdiyi standartlara uyğun olaraq, işlərini qurmalıdırlar. Əsas məsələ odur ki, hər bir bankı yoxlayan zaman bilmək olsun ki, doğrudan da bu pulları haker apardı, yoxsa bank özü bilərəkdən belə yola gedir”.

Son xəbərlər
Digər xəbərlər