7 C
Baku
Sunday, December 15, 2024

Otel biznesinin qara günləri

“Artıq otellərin özləri də iranlı turistləri qəbul etməkdən imtina edir. Buna da səbəb hüquq-mühafizə orqanlarının otel və hostellərə gedərək iranlı turistləri karantinə almasıdır”

Koronavirusdan ən çox ziyan görən sahələr arasında turizm demək olar ki, liderdir. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri (İsmayıllı rayon İH başçısı – red.) Nahid Bağırov da mətbuata açıqlamasında bildirib ki, Azərbaycana gəlməyi planlaşdıran turistlər koronavirus epidemiyasına görə hotellərimizdən rezervi ləğv edirlər. O, bildirib ki, hər il Novruz bayramında ölkəmizə çox turist gəlirdi: “Onların isə əksəriyyətini iranlılar təşkil edirdi. Vəziyyət koronavirusla bağlı ürəkaçan olmadığı üçün Azərbaycana turistlərin gələcəyinə inanmıram. Biz də istəmirik ki, virusun yayıldığı ölkədən bizə turistlər gəlsin. İlk növbədə vətəndaşlarımızı qorumalıyıq”.Azərbaycanda koronavirusa görə 500 nəfər karantində saxlanılır.

Turizm şirkətlərindən də  turistlərin rezervləri ləğv etdiklərini təsdiqlədilər. İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi  açıqlamasında bildirib ki, fevral ayının 29-dan martın 13-dək İran-Azərbaycan arasında hava yolu ilə də uçuşlar dayandırılıb. O deyir ki, quru yolla da İran-Azərbaycan arasında gediş-gəliş dayandırıldığından, iranlı turistlər məcburi olaraq Azərbaycana səfərləri təxirə salmalı olublar: “İranla gediş-gəliş dayandırılanadək İrandan ölkəmizə səyahət üçün turistlərdən müraciətlər vardı. Artıq yollar tam bağlandıqdan bu müraciətlər azalıb. “Ulduz” tur şirkətinə iranlı turistlərin etdiyi bronların 20 faizi ləğv edib. Bu qorxu hələ də var. Biz bəzi rezerv edən iranlı turistlərə tarixi dəyişməyi təklif etmişik. Təklif etmişik ki, səfərlərini ən azından aprel və may ayına salsınlar. Bəziləri bu təklifimizi qəbul etsə də, əsas hissəsi ləğv edirlər”.

Həmid Cahadi isə bildirib ki, digər şirkətlərdə isə rezervlərin 50 faizi ləğv edilib: “Biz digər tur şirkətləri ilə də əlaqə saxlamışıq. Vəziyyət digər tur operatorlarda da ürəkaçan deyil. Demək olar ki, tur paket alanların 50 faizi biletlərini ləğv ediblər. Onların çoxu Novruz şənliklərinə, konsertlərə bilet alanlardır. Çünki, Azərbaycanda Novruza görə konsertlərin keçirilməsi ləğv olunub. Ümid onadır ki, sərhədlər açılarsa, qonaqların 20-30 faizi gələ bilərlər”.

Evində heyvan saxlayanlara xəbərdarlıq: koronavirus onlara da keçə bilər
Həmsöhbətimiz bildirir ki, bəzi otellər rezervləri ləğv edən turistlərə cərimə tətbiq etməsə də, aralarında bu fikirdə olanlar da az deyil: “Bizim həmişə işlədiyimiz otellər ləğv edilən rezervlərə cərimə tətbiq etməyiblər. Bəziləri isə cərimə tətbiq etmək istəyirlər. Hətta 4 və 5 ulduzlu otellər var ki, 40-a yaxın iranlı qonağı qəbul etməkdən imtina edir. Hansı ki, onlar üçün yer rezerv etmişdik. İndi otel sahibləri onları qonaq kimi saxlamaqdan imtina edib. Yəni rezervləri ləğv edənlər təkcə turistlər deyil. Otellər tərəfindən də ləğvlər var. Bu isə daha da böyük problem yaradır. İndi bilmirik ki, o qonaqları hansı otellərə yerləşdirək”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi açıqlamasında koronavirusun ən böyük zərəri turizmə vurduğunu təsdiqləyib. O, deyir ki, turizm şirkətlərinin çoxu Novruzda Azərbaycana gələcək iranlı turistləri qəbul etməyə hazırlaşsalar da, koronavirusun yayılması bütün ümidləri puç edib. O, bildirib ki, artıq otellərin çoxunda bron edilən yerlər ləğv edilir: “Bizə daxil olan məlumatlara görə, iranlı turistlərin mütləq əksəriyyəti sərhədlər bağlandıqdan sonra rezervləri, tur paketləri ləğv edirlər. Halbuki koronavirus təhlükəsinə qədər iranlı turistlərin turizm şirkətlərinə müraciətləri çox idi. Təəssüfedici hal olsa da deyim ki, artıq otellərin özləri də iranlı turistləri qəbul etməkdən imtina edir. Buna da səbəb hüquq-mühafizə orqanlarının otel və hostellərə gedərək iranlı turistləri karantinə almasıdır”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova isə açıqlamasında bildirib ki, İranla sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulub: “Azərbaycanda qalan İran, İranda qalan Azərbayacn vətəndaşları üçün müvəqqəti dəhliz yaradılıb. Gələnlər həmin dəhliz vasitəsilə xüsusi avtobuslarla daşınır. Onlar mütləq şəkildə 14-20 günlük karantində saxlanılırlar”.

©Sputnik Azərbaycan

Son xəbərlər
Digər xəbərlər