Son 12 ildə ilk dəfə Pakistan XİN rəhbərinin Hindistana səfəri baş tutub.
Bu barədə “The Hindustan Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etmək üçün bu gün Qoaya səfər edib.
Qeyd olunub ki, bu XİN rəhbəri səviyyəsində Pakistandan Hindistana ilk səfərdir.
Zardari bu iclasda iştirak etməklə, ŞƏT-in ölkəsi üçün əhəmiyyətinə dair mesaj vermək niyyətində olduğunu bildirib:
“Mən təşkilata üzv olan ölkələrlə ikitərəfli əməkdaşlıq imkanlarını səbirsizliklə gözləyirəm”, – diplomat qeyd edib.
Həmçinin qeyd olunub ki, səfər çərçivəsində Hindistan və Pakistan XİN rəhbərləri arasında ikitərəfli danışıqların planlaşdırılması barədə məlumat yoxdur.
Xatırladaq ki, Hindistan və Pakistan arasındakı münasibətlər Kəşmir vilayəti ilə bağlı vəziyyətə görə gərgindir. Hindistan və Pakistan arasında yerləşən Kəşmir vilayəti müsəlmanların çoxluq təşkil etdiyi ərazidir.
Hər iki ölkə 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu ərazidə baş verən münaqişələr ölkələrarası münasibətlərin gərginləşməsinə əsas səbəb olaraq qalır.