2 C
Baku
Saturday, December 14, 2024

Palata 2022-ci ilin “Büdcə zərfi”də bunu qiymətləndirə bilmədi: Bəziləri var, bəziləri yox

“Büdcə zərfi”nə daxil edilmiş məlumatların yetərli olmaması səbəbindən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin və onunla birlikdə təqdim edilmiş sənədlərin ölkənin strateji sənədlərinə uyğunluğunun qiymətləndirilməsi Hesablama Palatası tərəfindən mümkün olmayıb.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının gələn ilin büdcəsinə dair rəyində bildirilir.

“Məlum olduğu kimi, qlobal iqtisadi reallıqların, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlərin ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb etməsi ilə əlaqədar ölkə başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Müvafiq sənəddə 5 prioritet və onların effektiv reallaşdırılması üçün 12 məqsəd müəyyən edilərək həmin məqsədlərə nail olunması ilə bağlı işlər nəzərdə tutulmuşdur” – deyə, Palatanın rəyində deyilir.

Palata rəyində deyir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair izahatda növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun mövcud qlobal-iqtisadi çağırışların, eləcə də 2022-ci il üzrə büdcə siyasətinin istiqamət və hədəflərinin, həmçinin 2022-ci il üzrə dövlət büdcəsinin əsas xərc istiqamətlərinin müəyyənləşdirilməsi zamanı Milli Prioritetlərin və onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlərin nəzərə alınmasının göstərilməsi fonunda bəzi prioritetlər və onların məqsədləri üzrə nəzərdə tutulmuş işlərin maliyyə tutumu və onların gələcək təsirləri barədə məlumatlara “Büdcə zərfi”ndə qismən yer verilmiş, bəzi prioritetlər üzrə aidiyyəti məlumatlara rast gəlinməmişdir.

“Belə ki, “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin 1.1-ci və 1.2-ci, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” prioritetinin 2.1-ci və 2.2-ci, “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinin 3.1-ci və 3.3-cü, “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioritetinin 4.1-ci və 4.2-ci, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetinin 5.1-ci məqsədləri üzrə maliyyə tutumu və gələcək təsirləri barədə məlumatlar “Büdcə zərfi”ndə qismən təqdim edilsə də, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” prioritetinin 2.3-cü, “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinin 3.2-ci, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetinin 5.2-ci məqsədi barədə qeyd edilən məlumatlar Zərfdə əks etdirilməmişdir”.

 

Son xəbərlər
Digər xəbərlər