“Para Bank” ASC-nin hüquqi varisi “Para BOKT” ASC-nin də maliyyə nəticələri ürəkaçan durumda deyil.
Banker.az xəbər verir ki, “Para BOKT”-nin 2021-ci il üzrə 7.312 mln. (7.31 mln.) manat faiz gəliri və 1.369 mln. manat faiz xərcləri edib.
BOKT-un əməliyyat mənfəəti 6.286 mln. manat təşkil edib. Onun dəyərsizləşmə üzrə 10.336 mln. manat ehtiyatlara ayırması ili 5.414 mln. manatlıq zərər ilə başa vurmasına səbəb olub.
KAPİTAL ÇATIŞMAMAZLIĞI BÖYÜRÜR
Öncəki illəri də zərər etdiyi üçün onun yığılmış zərəri 48.180 mln. manata yüksəlib. BOKT-un cəmi 29.266 mln. manatlıq səhm kapitalının olması və 3.845 mln. manatlıq əmlakından yenidən qiymətləndirmə üzrə ehtiyatın olmasını nəzərə alsaq cəmi kapitalı 15.069 mln. manat kəsirdədir.
BOKT, “Para Bank” ASC-nin hüquqi varisidi. “Para Bank” 2016-ci ilin iyununda “kapital çatışmamazlığı” əsas gətirlərək dörd bankla birgə həmin vaxt mandatı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdi. Bu ləövetmədən sonra o fəaliyyətini bank olmayan kredit təşkilatı kimi davam etdirməyə başladı.
PORTFEL KİÇİLİR
“Para BOKT”un 2021-ci il ərzində aktivləri 45.185 mln. manatdan 33.156 mln. manata düşüb. Aktivlərindəki bu kəskin enişi dəstəkləyən amil onun kredit portfelinin son bir ildə 32% azalaraq 22.999 mln. manata düşməsidir.
BOKT hesabat ilində öhdəliklərini 54.84 mln. manatdan 34.522 mln. manata qədər azaldıb. Bu azalmanın səbəbi isə banklar və digər maliyyə institutlarına olan borclarının 41.188 mln. manatdan 34.522 mln. manata qədər azaldılmasıdır.
Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38.887 milyon manatdır. BOKT-un səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5% Alevtina Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Hacıyevaya, 9.6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.