7 C
Baku
Thursday, December 12, 2024

Parlament Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandumu təsdiqləyib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Anlaşma Memorandumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.

Qanun layihəsinə əsasən, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu 1 il müddətində etibarlı olacaq.

  • Layihəyə əsasən, tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.
  • Tərəflər bu anlaşma memorandumun ləğvindən sonra da mübadilə edilən məxfi məlumatın və materialın qorunmasına və məxfilik dərəcəsinin ləğv olunmasının qarşısının alınmasına görə məsuliyyət daşımağa davam edirlər.
  • Sənəddə qeyd edilib ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlıların heyətini qarşılıqlı olaraq ölkə ərazisinə giriş və çıxış zamanı müvəqqəti olaraq idxal edilən təchizatını və təminat maddələrini gömrük rüsumlarından və digər vergilərdən azad edəcək.
    Sənəddə bildirilib ki, birgə təlimdə iştirak edəcək Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının heyəti sağlamlıq baxımından yararlı olmalıdır.
  • Göndərən ölkə təlim başlanmasından 10 gün əvvəl təlimdə iştirak edən heyətin sağlamlıq vəziyyətinin təlimdə iştirak üçün əlverişli olduğuna dair (yoluxucu xəstəliklər daxil olmaqla) tibbi arayış göndərir. Göndərən ölkə tərəfindən təlimdə iştirak edən bütün heyətə ev sahibi ölkəyə girişdən əvvəl ÜST-ün müəyyən etdiyi zəruri peyvəndlər vurulur və testlər aparılır. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçalarının və aparılan testin nəticələrin heyətin üzərində olması təmin edilir.
  • Ev sahibi ölkə tərəfindən göndərən ölkənin heyətindən hər hansı tibbi narahatlığı olanların təlimdə iştirakına yol verilmir. İştiraka mane olmayacaq mahiyyətdə tibbi narahatlığı olan şəxs təlimdə iştirak etdiyi təqdirdə bu şəxsin dərmanlarının özü ilə birlikdə gətirilməsi göndərən ölkə tərəfindən təmin edilir.
  • Sənədə əsasən, göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur. Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər