Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” kiçik və orta biznes üçün yeni xidmət – biznes hesablaşma-kassa əməliyyatları üzrə rahat və səmərəli xidmət həyata keçirməyə imkan verən tarif paketləri tətbiq edib.
Bunu Banker.az-a müsahibəsində bankın kiçik və orta bizneslə iş departamentinin direktoru Aleksandr Qolovko deyib.
Onun sözlərinə görə, bu cür praktika Türkiyə, Ukrayna, Rusiya və digər Şərqi və Qərbi Avropa ölkələrinin bank biznesində fəal tətbiq olunur:
“Tarif paketləri müştərilərin bankla işini daha da rahatlaşdıracaq və gündəlik bank xidmətləri xərclərini optimallaşdırmağa imkan verəcək. Bu yanaşmanın bazar üçün yeniliyini nəzərə alsaq, mobil operatorların təqdim etdiyi xidmətlərlə müqayisə aparmaq olar. Abunəçi öz tələblərinə uyğun olaraq bir neçə tarif paketindən birini seçir. Paketlərdən hər birinə müəyyən xidmət növləri daxildir və onlar elə qruplaşdırılıb ki, sahibkar özü üçün ən uyğun variantı seçə bilər. Hər bir paketin müəyyənləşdirilmiş qiyməti var ki, bu da biznesə öz xərclərini planlaşdırmaq imkanı verir”.
Bu mərhələdə “PAŞA Bank” müştərilərinə beş tarif paketi təqdim edir: “Klassik”, “Elektron”, “Biznes”, “Aktiv” və “Premium”. Tariflərin qiyməti ayda 10 manatdan başlayır.
Tariflərin fərqindən danışan A.Qolovko qeyd edib ki, “Klassik” tarifi ən sadə və kütləvi tarifdir. Bu, bank xidmətlərindən fəal şəkildə istifadə etməyən müştərilər üçün nəzərdə tutulub. “Elektron” paketi ödənişlərdən fəal istifadə edən müştərilər üçün sərfəli təkliflər təqdim edir. “Biznes” paketi “Klassik” paketə bənzəyir, lakin daha geniş əməliyyat həcmi ilə fərqlənir və daha inkişaf etmiş biznes üçün nəzərdə tutulub.
Beynəlxalq səviyyədə işləyən və digər ölkələrlə idxal-ixrac əməliyyatları aparan sahibkarlar “Aktiv” tarif paketindən istifadə edə bilərlər. “Premium” tarif paketi hesablaşma-kassa əməliyyatlarının bütün növ xidmət spektrini əhatə edir.
A.Qolovko qeyd edib ki, tarif paketləri ilə işin üstünlüyü ondan ibarətdir ki, düzgün tarif paketini seçməklə müştərilər hesablaşma-kassa xidmətlərində qənaət edə bilərlər:
“Əgər müştəri “Biznes” paketinə daxil olan xidmətlərlə tarifdən kənar istifadə etmək qərarına gəlsəydi, bu, ona 30 faiz baha başa gələcəkdi. Vəsaitlərə qənaət göz qabağındadır. Eyni zamanda, müştərilər tarif paketlərini sərbəst şəkildə dəyişə bilərlər”.
O, əlavə edib ki, bütün paketlər kiçik və orta biznesin, “PAŞA Bank”ın müştərilərinin bank əməliyyatlarının təhlili nəticəsində və onları tələbləri nəzər alınmaqla hazırlanıb:
“Biz müştərilərimizin biznes ehtiyaclarını dərindən təhlil etmişik. Hər bir paketi hazırlanması zamanı sahibkarların ödəmə təcrübəsi, beynəlxalq təcrübə nəzərə alınıb, yekun versiyalar xüsusi yaradılmış hədəf qruplar çərçivəsində müştərilərin özləri tərəfindən sınanılıb”.