Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”ın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minmişdir.
Beləliklə, təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq öncə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsini tutan Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı təyin edilmişdir.
Öncə İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışan Xəyalə Nağıyeva “PAŞA Bank”ın İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Öncə Xəzinədarlıq departamentinin direktoru vəzifəsini tutan Bəhruz Nağıyev İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Öncə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru vəzifəsini tutan Cəlal Orucov “PAŞA Bank”ın İdarə Heyətinin yeni üzvü və Baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Şirin Əliyeva və Aydın Atakişiyevin adları İdarə Heyəti üzvlüyü siyahısından çıxarılıblar.
Bankın Müşahidə şurasının tərkibində də dəyişikliklər baş vermişdir. Belə ki,PAŞA Holdinqdə Biznesə dəstək üzrə direktor və Baş icraçı direktorun müavin Şahin Məmmədov Müşahidə şurasının üzvü təyin edilmişdir.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə İdarə Heyətinin tərkibinin yenilənməsi ilk növbədə Bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlmişdir.
«Növbəti 3 il ərzində “PAŞA Bank” diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək», – deyə Taleh Kazımov öz fikrini yekunlaşdırmışdır.
“PAŞA Bank”ın İdarə Heyətinin yeni tərkibi:
Taleh Kazımov, İdarə Heyətinin sədri və Baş icraçı direktor
Cavid Quliyev, İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı
Xəyalə Nağıyeva, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı
Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
Cəlal Orucov, İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı
Bank haqqında:
“PAŞA Bank” Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan “PAŞA Bank”da 600-dən çox əməkdaş çalışır.
2011, 2012 və 2013-cü illərdə “PAŞA Bank” beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə “PAŞA Bank” Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.
“PAŞA Bank” Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.