1 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin hesabatı, aparılan yoxlamaların nəticəsi və strategiya – MÜSAHİBƏ

®Bu günlərdə ölkənin kapital bazarlarında ən böyük ticarət həcminə malik PAŞA Kapital İnvestisiya Şirkətində Mərkəzi Bank tərəfindən yoxlamaların nəticəsi ilə bağlı mediada xəbər yayımlanmışdır. Yoxlamaların nəticəsi, həmçinin növbəti illərlə bağlı strateji planlama ilə bağlı investisiya şirkətinin direktoru – Ceyhun Hacıyevlə hazırladığımız müsahibəni diqqətinizə çatdırırıq.

– 2023-cü ili PAŞA Kapital üçün necə dəyərləndirirsiniz?

– Cari ilin yanvar-iyul aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 3,041 əməliyyat sayı, 8 milyard 39 milyon 354 min 228 manat dövriyyə ilə hazırda bazarda ilk yerdə mövqelənmişdir. Şirkətin əməliyyat həcmi keçən il ilə müqayisədə 45% artmışdır.  Bu göstəricilərə əsasən deyə bilərəm ki,  şirkətimiz hər növbəti il artan tempdə irəliləyir və Azərbaycan kapital bazarında liderlik mövqeyini qorumaqda davam edir.

– Bu göstəricilərə hansı xidmətlərin inkişafı ilə nail olmusunuz?

– Son illərdə biz kapital bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində: Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında aktiv investisiya xidmətləri təqdim edirik. Həmçinin PAŞA Kapital yerli investorlara xarici alətlərə yatırım etmək imkanı verməkdədir. 

– Mərkəzi Bankın son yoxlamaları ilə bağlı PAŞA Kapitalda bir sıra nöqsanlar aşkarlanıb. Bunun səbəbi nədir?

– Sözsüz ki, şirkətin fəaliyyət dövrü ərzində artan statistik göstəriciləri göstərilən xidmətlərinin müştəri tələbinə uyğun strukturlaşdırılması və investorlara şəffaf xidmət göstərilməsinin nəticəsidir. PAŞA Kapital xidmətlərini hər zaman daha da təkmilləşdirməyə davam etməkdədir. Son günlərdə Mərkəzi Bank tərəfindən aparılan yoxlamalar zamanı müəyyən məsələlərin doğurduğu nöqsanlara toxunulub. Daha çox texniki səbəblərlə, həmçinin müvafiq hüquqi normativ bazanın doğru şəkildə interpretasiya olunmaması və buna görə ona tam şəkildə riayət edilməməsindən irəli gəlmiş bu nöqsanlar artıq aradan qaldırılmaqdadır. Bununla yanaşı şirkətimizdə daxili nəzarət sistemi daha da gücləndirilməkdədir. Şirkətin strategiya və strukturunda yeniliklər olduğunu nəzərə alaraq qeyd etmək istərdim ki, yaranmış bu çatışmazlıqların bir daha təkrar olmamasına çalışacağıq. Dövlət qurumunun bu istiqamətdə apardığı siyasət və atılan addımlar kapital bazarlarının inkişafına töhfə vermək yönümündədir. Bu kimi tədbirlərin ilk olaraq ölkənin ən böyük investisiya şirkətindən başlanmasını təqdir edir və nöqsanların zamanında aşkar olunmasının şirkətin cari strategiya planına xüsusi dəyər qatdığını dərk edirik. 

Şirkətin 3 illik stategiya planına hansı tədbirlər daxildir?

– PAŞA Kapital yerli və xarici bazarlarda investorlara daha əlçatan və keyfiyyətli investisiya həllərinin təqdim edilməsi üzrə xidmətlərini daim mükəmməlləşdirir və Azərbaycan maliyyə bazarında olan innovativ yanaşmasını daha geniş şəkildə tətbiq etməyə hazırlaşır. Strategiyamızda Azərbaycan kapital bazarının inkişafına xüsusi yer ayrılıb. Belə ki, növbəti illər ərzində mövcud xidmətlərimizin daha avtomatlaşmış və rəqəmsal yönümlü olmasına çalışmaqla yanaşı bir neçə yeni məhsul və xidmətlərimizi yaratmağı planlayırıq. Əsas strateji hədəflərimizdən biri də məhz bu planlar çərçivəsində daha çox fiziki şəxslər üzrə xidmət faydalılığını və keyfiyyətinin artırılmasıdır. Həmçinin şirkət bu üç illik inkişaf strategiyasında insan kapitalının inkişafına xüsusi yer ayırmışdır. Bununla bağlı bir sıra təcrübə proqramları elan edərək potensial kadrların yetişdirilməsində əsaslı rol oynamışdır. Onu da qeyd edə bilərəm ki, şirkət daxili elan olunan təcrübə proqramları zamanı Azərbaycan Respublikasının müxtəlif təhsil müəssisələrinin tələbə və məzunları investisiya sahəsi üzrə nəzəri və praktiki biliklərə yiyələnir, eləcə də gələcək karyera planlamalarını edir.

Son xəbərlər
Digər xəbərlər