Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
Hərrac yekunlarına əsasən istiqrazlar üzrə tələb təklifi üstələmişdir.
Belə ki, təklif edilən həcm 10 milyon ABŞ dolları olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 11,121,000.00 ABŞ dolları təşkil etmişdir.
Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,013.96 ABŞ dolları (kəsmə gəlirlilik 4.5%), orta ölçülmüş qiyməti isə 1020.3993 ABŞ dolları (orta ölçülmüş gəlirlilik 4.27%) müəyyən edilmişdir.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 5%-dir və faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.