“PASHA Bank Georgia” 4 mln. lari üzərində xalis mənfəət əldə edib

“PASHA Bank Georgia” 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı.

Banker.az xəbər verir ki, mənfəətə keçid əsasən xalis faiz gəlirlərinin 25.4% artaraq 5.7 mln. lariyə yüksəlməsi, kreditlər üzrə dəyərsizləşmə ehtiyatlarının 2.89 mln. lari bərpası və treydinq əməliyyatlarından gəlirlərin 8.4 dəfə artaraq 609.8 min lariyə çatması hesabına mümkün olub.

Bankın cəmi gəlirləri illik müqayisədə 12.8% artaraq 17.94 mln. lariyə yüksəlib. Bu dövrdə faiz gəlirləri 9.9%, komissiya gəlirləri isə 22.3% artıb. Cəmi xərclər isə 4.9% azalaraq 13.87 mln. lari təşkil edib. Faiz xərclərinin 25.5% artmasına baxmayaraq, kreditlər üzrə ehtiyat ayırmalarının azalması və amortizasiya xərclərinin 9.8% enməsi gəlir-xərc balansını yaxşılaşdırıb.

2026-cı il aprelin 1-nə “PASHA Bank Georgia”nın cəmi aktivləri 669.05 mln. lari olub ki, bunun da 378.5 mln. lari ekvivalenti xarici valyutada olub. Bankın kredit portfeli 417.28 mln. lariyə çataraq 7.8% artıb və ümumi aktivlərin 62.4%-ni formalaşdırıb. Eyni zamanda amortizasiya olunmuş dəyərlə qiymətləndirilən qiymətli kağızlar portfeli 41.4% artaraq 114.66 mln. lariyə yüksəlib.

Bankın cəmi öhdəlikləri 524.97 mln. lari olmaqla burada depozit portfeli 426.73 mln. lari olub.Cəmi kapital isə 17% artaraq 144.07 mln. lariyə yüksəlib.

*Azərbaycan Mərkəzi Bankının 31.03.2026-cı il tarixinə rəsmi məzənnəsi: 1 lari= 0.6313 manat

Son xəbərlər
Digər xəbərlər