Azərbaycanda bu həftədən etibarən koronavirus infeksiyasına qarşı Pfizer-BioNTech peyvəndinin tətbiqinə başlanılıb. O, Covid-19 xəstəliyi əleyhinə Azərbaycanda vaksinasiya üçün istifadə edilən sayca 4-cü peyvənddir. Bəs görəsən, Pfizer-BioNTech haqqında nə məlumdur?
Pfizer-BioNTech-in təhlükəsizliyi təsdiqlənibmi?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.
Ötən ilin sonunda elan olunmuş qərar peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatların nəzərdən keçirilməsindən sonra qəbul olunub, ÜST bildiririr.
Azərbaycanda Pfizer-BioNTech vaksinini harada vurdurmaq olar?
Azərbaycan Səhiyyə Nazirliyi Pfizer-BioNTech vaksini üçün peyvənd məntəqələrinin sayının artırıldığını bildirir.
Məlumata əsasən, vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.
Özəl klinikalarda peyvəndlənmə prosesi müəssisənin “daxili qaydalarına” uyğun olaraq aparılacaq, rəsmi məlumatda göstərilir.
Vaksinin tətbiqi qaydaları nədir?
Pfizer-BioNTech vaksinin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.
Yeganə dozanın uzun müddətli qoruyucu təsiri tam məlum deyil və mütəxəssislər bunun üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirir.
Hazırda peyvəndin 21-28 gün intervalla iki dozasının tətbiqi tövsiyə edilir.
“İki doza” tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə (CoronaVac, AstraZeneca, Sputnik V) aid edilir.
Pfizer-BioNTech peyvəndi hansı yaş qruplarına vurula bilər?
Pfizer-BioNTech peyvəndi ilə Azərbaycanda 18 yaşından yuxarı olan və “əks göstərişləri olmayan” hər bir vətəndaş peyvənd oluna bilər, Səhiyyə Nazirliyi bildirir.
Ötən il ÜST bu peyvəndi 16 yaşdan yuxarı olanlara tövsiyə edib. Daha sonra bu yaş həddi bir qədər də azaldılıb.
Mayın əvvəlində Kanada Pfizer-BioNTech vaksinini 12-15 yaş arasındakı yeniyetmələr üçün təsdiqləyən ilk ölkə olub. Daha sonra bu yaş qrupunda peyvəndin istifadəsini Avropa İttifaqının dərmanlara nəzarət qurumu (EMA) da təsdiq edib.
Bu peyvənd nə qədər effektivdir?
16 yaş və yuxarı insanlarda aparılan klinik tədqiqatlara əsasən, Pfizer-BioNTech peyvəndi əvvəl Covid-19 keçirməyən insanlarda bu infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğunu göstərib, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatında deyilir.
Pfizerin 95 faiz effektivliyi barədə məlumatı ÜST saytında da görmək olar.
Azərbaycanda Pfizer-BioNTech vaksinindən başqa CoronaVac, AstraZeneca və Sputnik V vaksinləri tətbiq olunur.