17 C
Baku
Saturday, May 18, 2024

Planlarımıza İslam mikromaliyyə əsaslarında məhsulların hazırlanması daxildir

Müsahibimiz: Vijn Fond AzərKreditin İdarə Heyətinin sədr müavini Samir Cəfərli

Samir bəy, ilk öncə müsahibə üçün təşəkkürümü bildirirəm.

Vijn Fond AzərKredit son illərdə mikromaliyyə sektorunda xüsusi uğurlara nail olur, bu sürətli inkişaf nə ilə bağlıdır? Son illərdə belə irəliləyişə nail olmaq üçün strategiyada hansı dəyişikliyi etmisiniz?

Vijn Fond AzərKredit bank olmayan kredit təşkilatı mikromaliyyə bazarına ən birinci çıxış əldə edən şirkətlərdən biri olub. 1996-cı ildə 1-ci kreditimizi verəndə biz sadəcə bir mikromaliyyə proqramı idik. Artıq o dövrdə bir neçə mikromaliyyə proqramları yaranmışdı. AzərKredit də onların içərisində idi. 2002-2003-cü illərdə MMC kimi dövlət qeydiyyatından keçərək, Mərkəzi Bankın müvafiq lisenziyasını əldə etmişik və həmin müddətdən bəri biz aktiv fəaliyyətə başlamışıq. Daima lider şirkətlərin içərisində olmuşuq, bizi həmişə ilk üçlükdə görmək mümkün olub. Elə həmin vaxtlardan da stabil inkişaf tempini saxlamağa çalışırıq.

İnkişaf həmişə olub, amma son illərdə daha da canlanma hiss olunur...

samir_ceferliBizim məqsədimiz və əsas strategiyamız belədir ki, xüsusən də regionlarda yaşayan və banklar tərəfindən xidmət olunmayan əhaliyə mikromaliyyə sahəsində xidmət göstərək. Biz öncədən buna böyük bir tələb olduğunu görmüşdük. Həmin dövrdə bankların filial şəbəkəsi, yəni regionlardakı filial sayı o qədər də geniş deyildi. Bankların regionlara genişlənməsi aşağı səviyyədə idi. Ona görə də bizim əsas məqsədimiz regionlarda fokuslaşmaq olub. Yeni filialların, həmçinin regionlarda ofis və nümayəndəliklərin açılması artıq 2005-ci ildən bizim strategiyanın əsas tərkib hissəsi olub. Filial şəbəkəsinin genişlənməsi isə inkişafa əsas təkan verən qüvvələrdən biri olmuşdur.

Digər bir faktoru da qeyd etmək istəyirəm, o da təxminən 2006-cı ilə təsadüf edir ki, həmin vaxtdan etibarən biz sosial fəaliyyətin idarə edilməsi sisteminin tətbiqinə başlamışıq və 2008-ci ildə Azərbaycanda sosial auditdən keçən ilk şirkət olmuşuq. O cümlədən, Azərbaycanda ilk şirkət olmuşuq ki, 2009-cu ildə beynəlxalq reytinq agentliyi tərəfindən sosial reytinq almışıq. Bütün bunların həyata keçirilməsi birinci növbədə bizim missiyamıza uyğunluğu ilə izah olunur: maliyyə xidmətləri göstərmək və onunla yanaşı sosial təsir göstərmək.

Buna görə də biz müştəri xidmətlərinə xüsusi önəm veririk. Bizim üçün həmişə “müştərini daha yaxından tanımaq” vacib rol oynayıb. Həmişə buna can atmışıq.

Banklar və BOKT-lar bir sıra xüsusiyyətlərinə görə fərqlənirlər, bu sahədə kreditlərin verilməsini də qeyd etmək olar. Bəzən bu kredit verilişi prosesi bir-birindən tamamı ilə fərqlənir.

Bununla bağlı sizin də fikirlərinizi almaq maraqlı olardı.

Əsas böyük fərq ilk növbədə hədəf seqment ilə bağlıdır. Banklar indi orta sahibkarlıq səviyyəsində fəaldırlar, yəni həmin bazarda və hədəf qrupunda aktiv iştirak edirlər, amma yenə də mikro kreditlər sahəsində o qədər də fəal deyillər.

Əsas fərqlərimizdən biri də odur ki, biz satış prosesində direkt marketinq üsullarından daha geniş istifadə edirik, daha çox yerlərdə çalışırıq ki, xidmətləri birbaşa müştərilərə çox yaxın ərazilərdə göstərək və yenə də dediyim kimi, xidmətləri formal, bank ofisi şəraitində yox, onlara yaxşı tanış olan birbaşa yerlərdə təqdim edək, çünki onlar da özlərini rahat hiss etdikləri məkanda xidmət görmək istəyərlər.

Keçən il biz yeni bir marketinq üsulu – “Kənd günü” adlandırılan layihə həyata keçirdik. Bu layihə çərçivəsində biz üzərində şirkətin loqosu olan xüsusi maşınımızla yola çıxdıq. Biz ucqar kəndlərə gedirdik, səhər tezdən kənddə çadır qurulur və bizim işçilər bütün günü orada keçirirdilər. İşçilərimiz kənd camaatını tədbirə cəlb edərək, bizim kredit məhsulları və ümumi kreditləşmə haqqında məlumat verirdilər. Bu bir növ həm də maliyyə təhsili – maliyyə savadlılığının arıtırılması funksiyası daşıyır. Bu həm də kənd uşaqlarına olduqca maraqlı olurdu, onlar ilk dəfədir ki, bütün bunları görürdülər və kreditləşdirmə barədə öz suallarını verirdilər.

AzərKreditdə kredit məhsulu bazara təqdim olunana qədər hansı inkişaf yolundan keçir, məhsulun ərsəyə gəlmə prosesini mümkünsə oxucularımız ilə paylaşardınız.

Bu daha çox standart prosesdir. Bizdə Marketinq və məhsulların inkişafı Departamenti fəaliyyət göstərir. Orada bizim xüsusi əməkdaşlarımız çalışır ki, onlar da daima araşdırma aparırlar ki, müştəri ehtiyac və istəklərini yaxından öyrənək.

Müştəri məmnuniyyəti müxtəlif yollarla öyrənilir. Məsələn, biz çıxan müştərilər, yəni öncədən bizim məhsulumuzdan faydalanmış, kredit götürüb, aktiv istifadəçi olmuş, lakin borcunu ödədikdən sonra yenidən bizim şirkətə müraciət etməyən müştərilər ilə görüşlər təşkil edirik. Biz öyrənmək istəyirik ki, onların yenidən bizdən kredit götürməmələrinin səbəbi nədir. Xüsusi görüşlər həm də cari, hazırda mövcud müştərilər ilə keçirilir. Belə görüşlər müştərilərdən yeni ideyalar almağa, onların tələb və təkliflərini eşitməyə imkan verir. Bütün bu görüşlərin nəticələri həmin Departamentin əməkdaşları tərəfindən analiz edilərək, təhlil olunur və bizə, yəni İdarə Heyətinə məlumat verilir.

Yeni məhsulun yaradılması ilə bağlı qərar verildikdən sonra Marketinq və məhsulların inkişafı Departamenti məhsulu yaratmağa başlayır. Mərhələli şəkildə digər departamentlər də bu prosesə cəlb olunur.

Məni maraqlandıran odur ki, sizin kredit mütəxəssislərini digərlərindən fərqləndirən nüans hansıdır. Vijn Fond AzərKreditin Kredit mütəxəssisləri özündə hansı spesifik xüsusiyyətləri cəmləməlidir?

Standart tələblərlə yanaşı, biz sözsüz ki, ali təhsilli kadrları cəlb edirik və istəyərik ki, bu işdə təcrübə qazanmış insanlar da bizə qoşulsun, lakin eyni zamanda, xüsusən də regionlarda gənclər və universiteti yenicə başa vurmuş məzunlar da bizim sıralarımıza qoşulur. Bu onlar üçün yaxşı imkan yaradır. Çünki, baxmayaraq ki, biz yüksək peşəkarlığa – kvalifikasiyaya malik işçilər axtarırıq, onunla yanaşı bizim özümüzün daxili təlim akademiyamız var. Bütün yeni işçilər o təlim prosesindən keçirlər.

Fərqlənməyə gəldikdə isə, biz çalışırıq ki, işçilərimizdə elə bir mədəniyyət yaradaq ki, bizim əməkdaşlar daşıdıqları həmin sosial missiyanı da qavrasınlar. Sosial missiyanı qavradıqda, işçi özü başa düşür ki, onun məqsədi satışla yanaşı, məhsulu satdığı insanın həyatında hansısa bir rifah inkişafını, onun güzəranın yaxşılaşmasını görmək istəyi olmalıdır. Biz insanların həyatında həmin rifahın inkişafını görmək istəyirik. Bu mədəniyyəti qəbul edən əməkdaş istər-istəməz artıq özü daha yaxşı xidmət edir insanlara.

Şəbəkənizin daima genişləndiyini və sıralarınıza yeni gənc mütəxəssislərin dəvət olunduğunu görürük, belə bir geniş şəbəkənin idarəedilməsi hansı riskləri törədir və onların öhdəsindən necə gəlirsiniz?

Doğrudur, hansısa aqressiv inkişaf müəyyən risklər yaradır ki, bu risklər də daima nəzarət tələb edir. Sözsüz ki, istənilən bir şirkət öz strateji planlarını yaradanda şirkətin daxili potensialını və resurs imkanlarını nəzərə almalıdır. Bu kortəbii inkişaf olmamalıdır. Yerlərdə şəbəkənin və filial sayının genişlənməsi ilə bərabər baş ofisdə daxili nəzarət funksiyası güclənməlidir. Xüsusən də burada daxili nəzarət və kredit risklərinin önəmi artır.

Baş ofisdə regional idarə etmə mərkəzləri vardır. Bizim artıq dörd regional idarəetmə mərkəzimiz vardır və orada daxili nəzarət funksiyaları cəmlənir. Filialların sayı artdıqca, həmin mərkəzdə çalışan insanların sayı da artır. Bunlar menecerlər və orta həlqə menecerləridir ki, risklərlə bağlı işləyir, müəyyən tapşırıqları yerinə yetirirlər və bir-başa filiallar ilə çalışırlar.

Həmçinin daxili audit departament işçilərinin sayı artırılır. Bizim portfel riskimiz həmişə yaxşı səviyyədə idarə olunub, biz fikirləşirik ki, adekvat addımlar atırıq və o balansı bu günə qədər qoruyub saxlaya bilmişik, yəni normal bazara uyğun inkişaf, onunla yanaşı şirkətin institusional inkişafı arasında balansı gözləməyə müvəffəq ola bilmişik.

Təsisçiləriniz ilə əlaqə hansı səviyyədədir və onlar yerli qərar qəbuletmə prosesində nə dərəcədə iştirak edirlər?

Bizim təsisçilər, bildiyiniz kimi, beynəlxalq mikromaliyyə qurumlarıdır və onlar hamısı ölkə xaricində, Azərbaycandan kənarda yerləşirlər. Təsisçilərimiz müşahidə şurasında və səhmdarların ümumi yığıncağında təmsil olunurlar.

Təsisçilərimiz ildə dörd dəfə Azərbaycanda görüşürlər. Onların rolu yerli qərarların qəbul olunmasında deyil, daha çox şirkətin strategiyasını müəyyən etmək və bu strategiyaya uyğun fəaliyyət göstərilməsinə nəzarət etməkdə özünü göstərir, yəni şirkət qarşıya hansı hədəfləri qoymuş və onlara hansı səviyyədə nail olmuşdur. Yəni şirkətin idarəetmə orqanı şirkəti nə dərəcədə həmin strategiyaya uyğun idarə edir.

Bizdə olan məlumata görə AzərKredit artıq yenidən kassa sisteminə qayıtmağa çalışır. Bir müddət bu sistemdən imtina etmişdiniz və bu işi banklara həvalə etmişdiniz – bu qərarın qəbulu nədən qaynaqlanır?

Biz həmişə həm banklarla işləmişik, həm də ofislərimizdə olan kassalarla. Belə deyək, bizim hazırda 31 ofisimiz və 65 mindən çox fəal müştərilərimiz var. Təsəvvür edin ki, burada söhbət böyük filiallarda gündəlik olaraq böyük həcmdə aparılan əməliyyatlardan gedir. Adətən bank filiallarında bu xidmət o qədər də yaxşı göstərilmir, çünki müştəri sayı çox olur. Ona görə də biz banklarla yanaşı, həmişə kassa ofislərimizi saxlayırıq. Bu yaxınlarda da biz Komtec şirkətinin MilliÖN şəbəkəsinə qoşulmuşuq, biz ilk bank olmayan kredit təşkilatlarındanıq ki, kreditlərin ödənişini Milli Ödəmə Nöqtəsi vasitəsi ilə təşkil edirik. Bu gün biz müştərilərimizə kifayət qədər alternativ seçim imkanı vermişik ki, onlar ödənişlərini ya bankda etsin, ya bizim öz filiallarımıza gəlsin, ya da MilliÖN aparatlarından istifadə etsinlər. Bu cür imkanların daha da genişləndirilməsi üçün gələcəkdə də işlər görüləcək.

2013 sonuna AzərKredit strateji plana görə hansı həcmdə kredit portfelinə malik olmalıdır?

Bu il üçün həm müştərilərin sayında, həm də portfelin həcmində 30%-ə yaxın artım nəzərdə tutmuşuq.

Bizim planlarımızda kredit skorinqi sistemini tətbiq etmək var. Bununla yanaşı biz ilin əvvəlində İslam əsasında mikromaliyyə məhsulları imkanlarının araşdırılmasına başlamışıq – biz yeganə bank olmayan kredit təşkilatıyıq ki, bu sahədə araşdırma aparmış və xaricdən də konsultant dəvət etmişik. İslam mikromaliyyə əsaslarında məhsulların hazırlanması bizim planlarımıza daxildir, düzdür, çox güman ki, bu layihə bu ilin sonuna qədər olmayacaq və daha çox müddət tələb edəcək, lakin biz artıq başlanğıc qoymuşuq və belə bir niyyətimiz də var.

Təşəkkür edirəm, suallarımı cavablandırdığınız üçün, xüsusi qeyd etmək istədiyiniz bir məqam varmı?

Belə bir fürsət yaratdığınıza görə təşəkkürümü bildirirəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər