13 C
Baku
Friday, April 19, 2024

Polşada kriptovalyuta birjasının keçmiş rəhbəri həbs olunub

Polşada Rusiyanın ən böyük kriptobirjası olan WEX-in keçmiş rəhbəri Dmitri Vasilyev həbs edilib.

İki il öncə İtaliyada həbs edilən, lakin həbsdən azad olunan D.Vasiliyev bu dəfə İnterpolun axtarışı əsasında Polşada yaxalanıb. Polşa mətbuatının əldə etdiyi məlumata əsasən, onun həbsi hələ avqust ayında baş tutub, məlumatın mətbuata sızması isə indiyə təsadüf edir.

Qazaxıstanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi D.Vasilyevin bu ölkəyə ekstradisiya olunması Polşanın prokurorluq orqanları tərəfindən araşdırılır. Polşada kriptovalyuta maqnatına qarşı heç bir qanun pozuntusu qeydə alınmasa da, o, Qazaxıstanda dələduzluqda ittiham olunur və bu ölkəyə təhvil verilə bilər.

Belarus əsilli D.Vasilyev 2010-cu ildə rusdilli məkanın ən böyük kriptobirjası BTC-E-də çinli iri müştərilərə xidmət göstərib. 2017-ci ildə bu birja bağlandıqdan sonra, o, platformanın fəaliyyətini WEX adı altında təşkil edib və yeni birjanın direktoru olub. Gündəlik ticarət dövriyyəsi 80 milyon dollara çatan WEX dünyanın 10 ən böyük kriptobirjası sırasına daxil ola bilib.

Adı bir sıra qalmaqal və maliyyə fırıldaqlarında hallanan kriptobirja bağlandıqdan sonra qazaxıstanlı müştərilərdən biri D.Vasilyevi onun vəsaitlərini mənimsəməkdə ittiham edərək hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. İndi Polşa prokurorları barəsində 40 günlük həbs qətimkan tədbiri seçilən məşhur kriptovalyutaçının Qazaxıstana təhvil verilməsi və ya sərbəst buraxılması barədə qərar verməlidirlər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər