Türkiyənin Rusiyaya ixrac etdiyi pomidora qoyulan embarqo nəticəsində yaranmış itkilərinin həcmi 2 mlrd. dollar təşkil edib.
Rus mətbuatına istinadən, bunu Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının analitiki Kirill Laşin deyib.
Onun sözlərinə görə, əvvəllər Rusiya Türkiyədə yetişdirilən pomidorun təxminən 40%-ni alırdı.
“2016-cı ildə Rusiyada pomidor istehsalı 18% artıb. Bununla da, ölkənin bu məhsul ilə özünü təminetmə dərəcəsi təqribən 40%-a çatıb”, – K.Laşin bildirib.
O həmçinin qeyd edib ki, Rusiya bazarı bağlandıqdan sonra Türkiyədən olan istehsalçılar ixrac məshullarının bir hissəsini Belarusa yönəldiblər: “Rusiyada türkiyəli tədarükçülərin yerini qismən Çin doldurmağa müvəffəq oldu. Azərbaycan ixracını iki dəfə, Mərakəş isə təxminən üç dəfə artırdı, Belarus da buna bir qədər nail oldu”.
Xatırladaq ki, avqustun 7-də Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkənin Türkiyədən pomidor almağa hazır olmadığını bildirib. Bundan sonra avqustun 9-da Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, Rusiya bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən pomidora tətbiq etdiyi ticari məhdudiyyəti aradan qaldırmasa, rəsmi Ankara da cavab tədbirləri görəcək.