Prezident İlham Əliyevin 31 oktyabr tarixili sərəncamı ilə Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Banker.az-a Prezidentin mətbuat xidmətindən məlumat daxil olub.
Digər sərəncamla onun yerinə Anar Tağıyev təyin olunub.
Tağıyev Anar Aqil oğlu – 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir.
Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışırdı.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.