“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) gələn il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatı olmağı planlaşdırır. Bunu açıqlamasında BOKT-un direktor müavini Vüqar Mirzəyev deyib.
“Biz təxminən 2 ildir ki, SKMF-in xətti ilə sahibkarlara kredit vermək istəyirik. Fond adambaşına 5 min manata qədər kredit ayrılmasını təklif edir. Biz isə bu məbləğin azı 10-15 min manat olmasında maraqlıyıq, çünki 5 min manat iş adamlarına sərf etmir. 2017-ci ildə bu məsələ ilə bağlı razılıq əldə etməyi planlaşdırırıq”, – deyə V.Mirzəyev qeyd edib.
Direktor müavini onu da deyib ki, hazırda “PSG Finans” kreditləşməni əsasən nizamnamə kapitalı, eləcə də təsisçilərin borc müqaviləsi əsasında ayırdığı vəsaitlər hesabına həyata keçirir. BOKT-un yaxın vaxtlarda digər mənbələrdən, o cümlədən istiqraz buraxılışı yolu ilə qiymətli kağızlar bazarından vəsait cəlb etmək planı yoxdur.
Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 170 min manatdır. BOKT “PSG” Şirkətlər Qrupuna daxildir. Bu holdinqdə “PSG-Kapital İnvestisiya Şirkəti” QSC də təmsil olunur.
Report